Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ahılların təcrübəsi – Gənclərin gələcəyi” adlı layihə çərçivəsində növbəti görüş Rayon Ağsaqqallar Şurasının sədri, “Suraxanı maşınqayırma zavodu” ASC-də uzun illər direktor vəzifəsində çalışmış Arif Babayevlə təşkil olunub. Ali məktəblərə qəbul zamanı 600-də çox bal toplayaraq yüksək nəticə əldə edən rayon məzunlarının bir qismi “Suraxanı maşınqayırma zavodu” ASC-də ekskursiyada olaraq Arif Babayevin və zavodun məsul əməkdaşlarının təcrübələrindən faydalanıblar.
Görüşdə Arif Babayevlə yanaşı, Suraxanı Rayon Ağsaqqallar Şurası sədrinin 1-ci nüavini Məşkur Mirzəyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, şöbə müdiri Sevinc Ağayeva və digər əməkdaşlar, həmçinin “Suraxanı maşınqayırma zavodu”ASC-nin rəhbərliyi iştirak ediblər.
Görüş zamanı əvvəlcə zavodda Şəhidlər Xiyabanı ziyarət edilib, qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Sonra 60 ildən artıq əmək fəaliyyətini neft-maşınqayırma sənayesinin inkişafına həsr etmiş Arif Babayev gənclərə müəssisə barəsində ətraflı məlumat verib. Gənclər istehsal prosesi ilə əyani şəkildə tanış olub, zavodun fəaliyyət istiqamətləri və istehsal prosesi barədə mütəxəssislər tərəfindən məlumatlandırılıblar. Görüşdə, həmçinin, ağsaqqal məsləhət və tövsiyələri dinlənilib. Gənclərə Azərbaycanın tərəqqisi naminə gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulanıb.
Görüşün sonunda gənclərə hədiyyələr təqdim olunub.







