Xəbərlər

Türkmənistan səfiri Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavini, professor Vahid Novruzov, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və Türkmənistanın Azərbaycandakı Səfirliyinin 1-ci katibi Sultan Açilov iştirak ediblər.
Türkmənistan və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti və bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələrin aparıldığı görüşdə Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən, o cümlədən ötən il Şura rəhbərliyinin Türkmənistana həyata keçirdiyi işgüzar səfərdən, keçirilən səmərəli görüşlərdən, o cümlədən dost və qardaş xalqlar arasındakı münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun “Fəxri Ağsaqqal” ordeni ilə təltif edilməsindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistan Respublikasının Prezidenti cənab Sərdar Berdiməhəmmədovun apardığı uğurlu xarici siyasət nəticəsində iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və gələcəkdə xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsi bizim əsas vəzifələrimizdən biridir. Eldar Quliyev görüş zamanı, həmçinin, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarımızda gedən geniş quruculuq işlərindən, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına etiraz olaraq azərbaycanlı eko-fəalların və QHT təmsilçilərinin Laçın yolunda 2 aya yaxın davam edən etiraz aksiyasından və bir sıra digər aktual məsələlərdən söhbət açıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurası “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda geniş beynəlxalq konfrans keçirəcək və qardaş Türkmənistan Respublikasından da nümayəndələr də bu tədbirə dəvət olunublar.
Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov səmimi qəbula və maraqlı söhbətə görə təşəkkür edərək, iki qardaş xalq arasındakı dərin tarixi yaxınlıqdan, dostluq münasibətlərindən söhbət açıb. O, həmçinin Azərbaycan dilinin MDB dövlətləri içərisində türkmən dilinə ən yaxın dil olduğunu vurğulayıb. Türkmənistanın hər zaman Azərbaycanın yanında olduğunu, qardaş ölkəni daim dəstəklədiyini qeyd edən səfir bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevlə görüş zamanı onun əsas xahişi Azərbaycanın ayrılmaz bir hissəsəsi olan Qarabağa səfər etməklə bağlı olub.
Səfir Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə tanış olduqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.