Xəbərlər

Ümummilli lider Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün doğulmuşdu

Bu fikri oktyabr ayının 6-da Azərbaycan Ağsaqqallar Şurasının Suraxanı rayon təşkilatının hesabat konfransında Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov səsləndirib.

Konfransda Eldar İbrahimovla yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev,digər müavinlər – Fuad Cəbrayılov, Könül Axundova, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon veteranlar təşkilatının məsul şəxsləri, ağsaqqallar, şəhid valideynləri, qazilər, o cümlədən rayon əhalisinin digər nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfransda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad HacıyevAzərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovu və konfrans iştirakçılarını salamlayaraq, respublikamızın hər bir bölgəsində olduğu kimi Suraxanı rayonunda  da ağsaqqal sözünün əhali üçün böyük önəm daşımasından, dövlət başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıdan, həmçinin Vətən müharibəsindəki şanlı Qələbəmizin tarixi əhəmiyyətindən bəhs edib.

Sonra Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat məruzəsi dinlənilib. Natiq rayon ağsaqqallarının iştirak etdikləri toplantılardan, şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən, gənclərlə apardıqları maarifləndirmə tədbirlərindən və  digər işlərdən danışaraq, gələcək fəaliyyət planları barədə də konfrans iştirakçılarına məlumat verib.

Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov,Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Veteranlar təşkilatının rayon sədri Eldar Rüstəmov və digər natiqlər çıxış edərək, Azərbaycanın bütün şəhər və rayonlarında, hər bir ailədə ağsaqqallarımıza dərin hörmət və ehtiram olduğunu bildiriblər. Ulu öndər Heydər Əliyevin tarixi sözlərini dilə gətirərək vurğulayıblar ki, həqiqətən də “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Natiqlər hesabatı qənaətbəxş dəyərləndirərək bəzi problemlərdən də söhbət açıblar və bu problemlərin aradan qaldırılması üçün digər təşkilatlarla birgə daha aktiv fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov tədbir iştirakçılarınıŞuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq, Suraxanı rayonunun ağsaqqalları və ziyalıları ilə görüşdən məmnun olduğunu bildirib. Öz çıxışında erməni işğalçılarını dəmir yumruqla diz çökməyə və kapitulyasiya sənədinə qol çəkməyə məcbur edən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən diplomatık və siyasi-hərbi strategiyasından söz açan natiq torpaqlarımızın erməni qəsbkarlarından azad olunması zamanı qəhrəmancasına həlak olan şəhidlərimizə, igid qazilərimizə borclu olduğumuzu qeyd edib. Vurğulayıb ki, xalqımıza əziz olan bütün şəhid ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar, biz ağsaqqallar da onlara diqqət və qayğımızı artırmalıyıq. Eldar İbrahimov mövcud problemlərə, xüsusilə əsrimizin bəlası olan narkomaniyaya qarşı ciddi tədbirlərin görülməsinin, ağsaqqallar tərəfindən təhsil müəssisələrində maarifləndirici görüşlərin keçirilməsinin, bir sözlə gənc nəslin tərbiyəsinə daha çox önəm verməyin vacibliyini diqqətə çatdırıb.O, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən danışaraq bu qüdrətli şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev yalnız Azərbaycan üçün deyil,bütün dünya üçün doğulmuşdu. Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsini, bu müqəddəs mirası qoruyub saxlamaq və təbliğ etmək hər bir azərbaycanlı kimi biz ağsaqqalların da şərəfli vəzifəsidir.

Konfransda, həmçinin, bəzi təşkilati məsələlər müzakirə edilib və Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.