Təbriklər, Xəbərlər

VƏLİ SƏFƏROV – 60

Fevral ayının 5-də Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli ziyalı, vətənpərvər ictimai xadim və tanınmış şair Vəli Səfərovun (Vəli Qaraçaylı) 60 yaşı tamam olur.

Qədim və əsrarəngiz Borçalı mahalında doğulan, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə dəyərli töhfələr verən Vəli Səfərov  yalnız  şair və ictimai xadim deyil, həm də müasir dövrümüzün dərin mənəvi, mədəni irsini qoruyan və təbliğ edən alicənab bir ziyalıdır. Müdrik insana xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Vəli müəllim  həyatdakı ədalətli mövqeyi, səmərəli fəaliyyəti və prinsipiallığı ilə hər kəsin hörmətini qazanan, etimadını doğruldan, sevilən vətənpərvər bir şəxsiyyətdir. O, uzun illərdir Azərbaycan ədəbiyyatını zənginləşdirərək, öz poeziyasında xalqımızın ruhunu və tarixini əks etdirir, hər bir misraya həyat verir. Şeirlərində xalqımızın dərin hisslərini, arzu və istəklərini, sevgisini açıq şəkildə göstərir. Mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Vəli Qaraçaylının Ulu Öndər Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər görkəmli şəxsiyyətlərə, eləcə də möhtəşəm Zəfərimizə, doğma Vətənimizə,  onun füsunkar təbiətinə həsr etdiyi gözəl şeirlər, şairin zəngin və rəngarəng poetik dünyası xalqımız tərəfindən sevilir.

Bədii yaradıcılığı ilə geniş oxucu kütləsinə hər zaman mənəvi zənginlik və yüksək estetik zövq bəxş edən Vəli Səfərov Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri kimi öz ağsaqqallıq missiyasını da uğurla həyata keçirir. Onun rəhbərliyi ilə rayon ağsaqqalları ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edir, gənclərimizin maarifləndirilməsinə, onların milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda formalaşdırılması işinə böyük dəstək göstərir, düzgün istiqamət verirlər. Fəaliyyəti boyunca daim xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan Vəli Səfərovun zəngin poeziyası milli kimliyimizin qorunmasında, mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

Mənalı və şərəfli ömür sürən alicənab şəxsiyyət, vətənpərvər ziyalı, nüfuzlu ictimai xadim və dəyərli ağsaqqal Vəli Səfərovu 60 illik yubileyi münasibətilə  səmimi-qəlbdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor                                                                                                                                                                      Eldar Quliyev                       

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.