Xəbərlər

Vətən müharibəsi şəhidi Vidadi Zalovun doğum günündə məzarı ziyarət edilib

Vətən müharibəsi şəhidi Vidadi Zalovun anadan olmasının 40 illiyi münasibətilə məzarı ziyarət edilib. Ziyarətdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid Vidadi Zalovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının keçmiş sədri, hazırda təşkilatın İdarə Heyətinin üzvü Nizami Zalov, eləcə də rayon ağsaqqalları, ziyalıları, qazilər, idarə, müəssisə rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Vidadi Zalovun keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərdiyi qəhrəmanlıqlardan danışıb. Vurğulayıb ki, bu gün Vidadi Zalovun və bütün şəhidlərimizin ruhu şaddır, çünki  müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunan Qarabağımıza yenidən həyat qayıdıb. Hazırda genişmiqyaslı quruculuq işlərinin getdiyi Qarabağ, Şərqi Zəngəzur gündən-günə inkişaf edir, çiçəklənir. Ümumiyyətlə, bu gün beynəlxalq aləmdə cərəyan edən prosesləri izlədikdə Azərbaycanın nə qədər böyük qələbə qazandığını, regionun simasını və siyasi gündəmini dəyişdiyinin bir daha şahidi oluruq. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, həmçinin, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, dövlətimizin daima onların yanında olduğunu bir daha diqqətə çatdırıb.

Öz növbəsində şəhid atası Nizami Zalov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, həyatlarının hər bir məqamında dövlətimizi öz yanlarında hiss etdiklərini, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələrinə mənzillərin verildiyini, sosial rifahın yüksəldilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü qeyd edərək, bütün bunlara görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olan Zalov Vidadi Nizami oğlu hərbi xidmətini başa vurduqdan sonra dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Hərbi xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, öz şücaəti ilə fərqlənmişdir. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Vətən müharibəsində iştirakına görə Vidadi Zalov Baş nazir Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülmüşdür. Vətən müharibəsi bitdikdən sonra Vidadi Zalov “Gizirlik” kursuna yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra “kiçik çavuş” rütbəsindən “gizir” rütbəsinə yüksəlmişdir. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirmişdir.

11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına vuruşaraq  şəhid olmuşdur. 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb.

Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli  Sərəncamına əsasən Vidadi Zalov  ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.