Sentyabr ayının 20-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Vahid müəllim!
Sizi – Vətənə sədaqətin, fədakarlığın, mərdliyin, əqidə və ləyaqətin simvoluna çevrilmiş Azərbaycanın Milli Qəhrəmanını 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi, uzun ömür və yeni-yeni nailiyyətlər arzulayırıq!
Sizin yubileyiniz ikiqat önəm daşıyır. Doğum gününüz – 20 sentyabr tarixi həm də ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Tariximizin bu mühüm günü 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin tam suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə birbaşa bağlıdır. Sizin kimi Vətənimizin azadlığı uğrunda mərdliklə vuruşan igid döyüşçülərdən biri, Azərbaycan torpaqlarının hər qarışı üçün canını sipər etmiş Milli Qəhrəmanın məhz bu əziz gündə 70 illik yubileyini qeyd etməsi olduqca rəmzi və qürurvericidir.
Azərbaycan xalqı Sizə həm döyüş meydanında göstərdiyiniz qəhrəmanlıqlara, həm də müharibədən sonrakı dövrdə Vətənə və ordu quruculuğuna verdiyiniz töhfələrə görə böyük ehtiram göstərir. 1992-ci ilin ağır və taleyüklü günlərində könüllü olaraq cəbhəyə yollanmağınız, Ağdam və Qubadlı istiqamətlərində aparılan döyüşlərdə əsl igidlik və hünər nümunəsi göstərərək düşmənin 10 ədəd zirehli texnikasını sıradan çıxarmağınız yaddaşlara əbədi həkk olunub. Vətən sevginizə və dəyərli xidmətlərinizə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Sizi “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq gördü. Bu, dövlət başçımızla yanaşı, xalqımızın da Sizə verdiyi yüksək dəyərin və böyük sevginin göstəricisi idi.
Sizin həyat yolunuz təkcə hərb meydanında deyil, elmdə, təhsildə, ictimai fəaliyyətdə də örnək bir məktəbdir. Hərb elminin tədrisində uzun illər apardığınız fədakar müəllimlik fəaliyyəti – gənc zabitlərimizin vətənpərvər ruhda yetişdirilməsi yolunda göstərdiyiniz xidmətlər unudulmazdır. Siz Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində bilik və təcrübənizi bölüşərək ölkəmizin müdafiə qüdrətinə uğurla xidmət etmisiniz.
Bu gün Siz həm də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi cəmiyyətin mənəvi dayaqlarından birisiniz. Sizin təcrübəniz, dövlətə və dövlətçiliyə bağlılığınız, gənc nəsillərə nümunəvi davranışınız Şuranın fəaliyyətinə xüsusi dəyər qatır. Biz Sizin kimi əqidəli, təmkinli və dövlətçilik düşüncəsi ilə yaşayan şəxsiyyətlərlə bir yerdə çalışmaqdan qürur duyuruq.
Hörmətli Vahid müəllim!
Sizi bu əlamətdar yubileyiniz və Dövlət Suverenliyi Günü münasibətilə bir daha ürəkdən təbrik edir, həyat yolunuzun daim aydın, ömrünüzün uzun, mənəvi dayağınızın sarsılmaz, xalq və dövlət qarşısındakı xidmətlərinizin isə daim uca olmasını diləyirik! Əminik ki, Siz hələ uzun illər dövlətimizə, xalqımıza, Vətənimizə və Azərbaycan Ağsaqqallar Şurasına dəyərli töhfələr verməkdə davam edəcəksiniz.
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV