Təbriklər

VAQİF MƏHƏRRƏMOV – 75

İyul ayının 30-da Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü,  vətənpərvər ziyalı, müdrik ağsaqqal Məhərrəmov Vaqif Əfsər oğlunun 75 yaşı tamam olur.

Ömrünün böyük bir hissəsini ölkəmizə və xalqımıza sədaqətlə xidmətə həsr edən Vaqif Məhərrəmov keçdiyi şərəfli həyat və dəyərli xidmət yolu ilə zəngin  təcrübəyə, müdrikliyə və yüksək insani keyfiyyətlərə malik əsl ziyalı obrazını yaratmışdır. 1981–1986-cı illərdə keçmiş SSRİ-nin Daxili İşlər Nazirliyinin Akademiyasında aldığı ali təhsil, daha sonra Cəbrayıl Rayon Polis şöbəsində tutduğu məsul vəzifələr onun peşəkar karyerasının əsas mərhələləridir. 1989–1992-ci illərdə əməliyyat işləri üzrə rəis müavini, 1992-ci ildən 2009-cu ilə qədər isə şöbənin rəisi kimi çalışan Vaqif Məhərrəmov çətin və məsuliyyətli dövrlərdə hüquq-mühafizə orqanlarının fəaliyyətində əvəzsiz rol oynamışdır.

Polis fəaliyyəti dövründə I Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi igidlik və fədakarlıq onun Vətənə olan sarsılmaz sevgisinin bariz nümunəsidir. Məhz belə fədakar insanların sayəsində bu gün azad, müstəqil və qalib bir Azərbaycan mövcuddur. Vaqif Məhərrəmovun hazırda işğaldan azad edilmiş  doğma Cəbrayılda yaşamağı və orada Rayon Ağsaqqallar Şurasının sədri kimi aktiv  ictimai fəaliyyət göstərməyi xalqımıza, xüsusilə də gənc nəslə xidmətin uğurlu davamıdır. Vaqif müəllim, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü kimi ölkə miqyasında ağsaqqallıq institutunun inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və nəsillər arasında körpü rolunun gücləndirilməsi istiqamətində mühüm işlər görür.

Vaqif Məhərrəmovun polis orqanlarındakı fəaliyyəti dövründə yüksək nizam-intizamı və nümunəvi xidməti Daxili İşlər Nazirliyi tərəfindən «Polis əlaçısı» döş nişanı, «Qüsursuz xidmətə görə», «Usta məharət dərəcəsi»  medalları, “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərlə  mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən «Həmkarlar İttifaqında xidmətlərinə görə» medalına layiq görülüb. Vaqif müəllim, həmçinin, ölkəmizin ictimai-siyasi, mədəni həyatında və Azərbaycan Ağsaqqallar Şurasının  işində səmərəli fəaliyyəti ilə xalqımıza və Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə də təltif edilib. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Vaqif Məhərrəmov bu gün də öz fəaliyyətində yüksək əzmkarlıq nümayiş etdirir. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, dəyərli  ağsaqqallıq missiyasını uğurla həyata keçirməklə dövlətimizin tərəqqisinə, cəmiyyətimizin inkişafına qiymətli töhfələr verir.

Bu əlamətdar gündə faydalı, mənalı və şərəfli ömür sürən vətənpərvər ziyalı, müdrik ağsaqqal, alicənab insan Vaqif Məhərrəmovu 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor                                                                                       Eldar QULİYEV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.