Sentyabr ayının 20-də Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyevin 75 yaşı tamam olur.
Alicənab insan, dəyərli pedaqoq və gözəl ziyalı olaraq şərəf və ləyaqətlə yaşadığı ömür yolunun müdriklik zirvəsində olan Xəlifə müəllim səmərəli pedaqoji fəaliyyəti, sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanmışdır. Sadə zəhmətdən başlayan əmək fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində ucalaraq məsul vəzifələrdə çalışmaqla Azərbaycan dövlətinin və xalqının tərəqqisinə, yüzlərlə şagird və tələbənin ali təhsil almasına, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarına əvəzsiz töhfələr vermişdir.
Xəlifə Mirəliyev bu gün də Balakən Rayon Ağsaqqallar Şurasının sədri olaraq dəyərli şəxsiyyət, müdrik ağsaqqal kimi nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Yüksək vətənpərvərlik hisslərinə malik Xəlifə Mirəliyevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz gənclik enerjisi və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV