Xəbərlər

Xətai Rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dəyirmi masa keçirib

Xətai rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Rayon Ağsaqqallar Şurasının və rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna rolu, eləcə də müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul olunması prosesindəki əvəzsiz xidmətlərinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayonun ağsaqqalları, ziyalıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov bildirib ki, 1995-ci ildə qəbul edilən ümumxalq Konstitusiyası müstəqil Azərbaycan dövlətinin inkişaf yolunu müəyyən edən əsas hüquqi-siyasi sənəddir. O vurğulayıb ki, bu tarixi sənədin hazırlanması bilavasitə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və dərin siyasi iradəsinin nəticəsidir.

Digər çıxış edənlər – Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid atası Meyvəddin Ramaldanov və Nizami Hüseynov, eləcə də Mirvari Dilbazi İctimai Birliyinin sədri Güllü Tomarlı, şəhid anası Mətanət Quliyeva və başqaları qeyd ediblər ki, Heydər Əliyev Konstitusiya komissiyasına rəhbərlik edərək ölkəmizi yeni inkişaf mərhələsinə daşıyan möhkəm hüquqi baza yaradıb. Müstəqil Azərbaycanın dövlət idarəçiliyini, vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas prinsiplər məhz Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyada təsbit olunub. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin siyasi-hüquqi əsaslarını möhkəmləndirərək ölkəmizin sabit və davamlı inkişafına yol açıb. Bildirilib ki, Heydər Əliyevin müəllifi olduğu Konstitusiya milli dövlətçiliyimizin əsas sütunlarından biridir və bu sənəd bu gün də ölkənin hüquqi inkişafında mühüm rol oynayır.

Tədbirdə şair Vaqif Osmanlı Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablarını iştirakçılara təqdim edib.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin bu gün də Azərbaycanın inkişaf istiqamətlərinə işıq tutduğu xüsusi qeyd olunub. Şəhid ailələri və ağsaqqallar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.