Xəbərlər

Xətai Rayon Ağsaqqallar Şurasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Oktyabr ayının 29-da Xətai Rayon Ağsaqqallar Şurasının inzibati binasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının və İctimai Şuranın sədri, şəhid atası Mürvət Əsgərov, millət vəkili Pərvanə Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, eləcə də şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi açan Mürvət Əsgərov xalqımızın tarixində qürur, iftixar və şərəf günü kimi yazılan 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin təntənəsi olduğunu bildirib. O qeyd edib ki, bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik təməlləri və möhkəm ideoloji əsaslar üzərində qurulan müasir Azərbaycanın gücünün bariz təcəssümüdür. Mürvət Əsgərov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına olan hörmətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Sonra çıxış edən millət vəkili Pərvanə Əliyeva çıxışında 8 Noyabrın təkcə hərbi qələbə deyil, eyni zamanda mənəvi dirçəliş, milli kimliyimizin, dövlətçiliyimizin və birliyimizin simvolu olduğunu qeyd edib. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin bu Zəfərin təməlində dayandığını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti qətiyyətlə davam etdirərək Azərbaycanın müasir tarixində misilsiz uğurlara imza atdığını bildirib. Pərvanə Əliyeva, həmçinin, şəhid ailələrinin göstərdiyi fədakarlığın hər kəs üçün örnək olduğunu vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, Zəfər Gününün tariximizə qızıl hərflərlə yazıldığını, bu şanlı səhifənin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti və xalqımızın sarsılmaz iradəsi nəticəsində qazanıldığını bildirib. Kamal Əliyev, həmçinin, vurğulayıb ki, bu Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın əzmini, milli ruhunu və dövlətinə sarsılmaz inamını bütün dünyaya nümayiş etdirdi. O əlavə edib ki, bu Zəfərdən ruhlanan vətəndaşlarımız bundan sonra da qalib Liderimizin ətrafında səfərbər olmalı, hər bir sahədə qələbələrimizin davamlı olması üçün əllərindən gələni əsirgəməməlidirlər.

Tədbir zamanı Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların xatirəsinə ehtiram ifadə olunub.

Sonda tədbir iştirakçıları bir daha Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması naminə canından keçən bütün şəhidlərə dərin ehtiramlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.