May ayının 30-da Abşeron rayonu Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlər üçün salınan şəhərcikdə Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, şəhid valideynləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən danışıb. Zəngilan əhalisinin, eləcə də ağsaqqallarının məcburi köçkün həyatı yaşadıqları dövrdə nümayiş etdirdikləri yüksək vətənpərvərlik ruhundan və onların Azərbaycanın tərəqqisi naminə həyata keçirdikləri aktiv fəaliyyətdən bəhs edib. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 2020-ci ilin oktyabr ayında Zəngilan şəhərinin erməni işğalından azad edildiyini qürurla tədbir iştirakçılarına xatırladan Ramiz Həsənov orada aparılan böyük quruculuq və abadlıq işlərindən də söz açıb, zəngilanlıların mərhələli şəkildə öz doğma yurdlarına qayıtdıqlarını vurğulayıb. Növbəti tədbirlərin Zəngilanda keçirilməsi arzusu ilə konfransın işinə uğurlar arzulayıb.
Sonra Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, 30 ildən çox davam edən Ermənistanın işğalı nəticəsində öz ev-eşiklərindən didərgin düşən Zəngilan sakinləri, eləcə də ağsaqqallar daim dövlətə, dövlətçilyə sadiq olublar, ölkəmizin inkişafına xidmət ediblər. Əsasən gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirən ağsaqqallar qəhrəman şəhidlərimizin adını daşıyan orta məktəblərdə şagirdlərlə, həmçinin şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər keçirərək onlara öz mənəvi dəstəklərini əsirgəməyiblər. Eləcə də tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərdə yaxından iştirak və çıxışlar ediblər. Hesabat dövrü ərzində ağsaqqallar Zəngilana və zəngilanlılara hər zaman böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin zəngin irsini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini əhaliyə geniş təbliğ ediblər. Xuduş İsgəndərov çıxışının sonunda vurğulayıb ki, “Konstitusiya və Süverenlik İli”ndə də aktiv fəaliyyətlərini davam etdirən Zəngilan Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra da Azərbaycanın tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Konfransda Zəngilan Rayon Ağsaqqallar Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birinci Qarabağ və əmək veteranı Oqtay Zəngilanlının maraqlı çıxışı və səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb. Sonra el ağsaqqalı, istedadlı şair “Zəfər marşı” adlı kitabını Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifova hədiyyə edib. Tədbirdə çıxış edən bütün natiqlər Xüduş İsgəndərovun sədrliyi ilə Zəngilan Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndiriblər və təşkilata gələcək fəaliyyətinə uğurlar arzulayıblar.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, növbəti dəfə Zəngilan ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirib. Konfransın çox səmimi, gözəl mühitdə keçdiyini vurğulayaraq qeyd edib ki, ağsaqqal olan hər yerdə – ailədə, cəmiyyətdə, ölkədə daim xeyir-bərəkət olur, sabaha inam olur. Əgər ağsaqqal yerindədirsə, o xalqa zaval yoxdur və biz xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi çox müdrik ağsaqqalımız olub və hazırda da bu dahi şəxsiyyətin ali ağsaqqallıq missiyasını, ideyalarını yaşadan yüksək intellektli, güclü, qətiyyətli dövlət başçımız – cənab İlham Əliyev kimi qüdrətli Prezidentimiz var. Bayram Yusifov, həmçinin, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən görüşü – üç qardaş ölkənin bütün dünyaya nümunə olacaq zirvə görüşü adlandırıb, bu strateji birliyin böyük siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Natiq öz çıxşında, “Müstəqillik Günü” ərəfəsində Azərbaycan Ağsaqqallar Şurasının Gəncədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş regional konfransından da söz açıb və bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, müstəqil və suveren Azərbaycanın yüksəldiyi bugünkü zirvə böyük çətinliklər bahasına başa gəlib. Ona görə də biz, ağsaqqallar, eləcə də Zəngilan Rayon Ağsaqqallar Şurasının üzvləri gənclərimizi daim bu barədə maarifləndirməli, onlara müstəqilliyimizin və suverenliyimizin dəyərini, hansı çətinliklərlə qazanıldığını hər zaman başa salmalıyıq. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Zəngilan Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək, öz tövsiyə və təkliflərini də bildirib, hər bir ağsaqqala möhkəm cansağlığı, iş avandlığı diləyib.
Konfransın sonunda Bayram Yusifov ölkəmizin ictimai-siyasi və mədəni həyatında, təşkilatın işində uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 85 illik yubileyi münasibətilə Xuduş İsgəndərovun Azərbaycan Ağsaqqallar Şuradsının İdarə Heyəti tərəfindən Fəxri Fərmanla təltif edildiyini vurğulayaraq onu yubilyara təqdim edib. Zəngilanın müdrik el ağsaqqalı Xuduş İsgəndərova Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin təbriklərini çatdırıb.
Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 30-05-2025
- [22:28]
- []
30
May













