1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Zəngilan Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Bu əlamətdar gündə həm də 2 yubiliyarın – rayonun təhsil sahəsində uzun müddət böyük fədakarlıqla çalışmış Alı Əliyevin 75 illik və maliyyə sahəsində fəaliyyət göstərmiş Elbrus Niftəliyevin isə 65 illik yubileyi qeyd edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, yaşlı nəslin nümayəndələrinin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi istiqamətində davmlı sosial tədbirlər həyata keçirildiyini bildirib. Sonra yubiliyarları təbrik edərək onlara Fəxri Fərman, gül dəstəsi və hədiyyələr təqdim edib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova çıxış edərək ahılların cəmiyyətimizin mənəvi dayağı, həyat təcrübəsi ilə gənc nəslə örnək olan insanlar kimi daim diqqət mərkəzində saxlanıldığını, onların sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər görüldüyünü bildirib. Rayon İcra hakimiyyətinin başçısı adından tədbirdə iştirak edən ahılları, onların şəxsində rayonun bütün ağsaqqalarını səmimi-qəlbdən təbrik edərək möhkəm cansağlığı arzulayıb və yubliyarlara Fəxri fərmanlar təqdim edib.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxışında bildirib ki, dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimizin apardığı siyasətə uyğun olaraq rayonumuzun ağsaqqal və ağbirçəklərinə bundan sonra da yüksək qayğı, diqqət, hörmət və ehtiram göstəriləcəyini vurğulayıb. Bütün ağsaqqalları və yubiliyarları təbrik edərək, YAP Zəngilan rayon təşkilatı adından yubilyarlara Fəxri Fərman təqdim edib.
Sonra rayonun ictimai işlərində fəallıq göstərən “Harmony group” şirkətinin rəhbəri Emin Əliyev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov və tədbirdə iştirak edən bütün rayon ziyalıları, ağsaqqalları və qonaqlar yubiliyarları səmimi qəlbdən təbrik edərək onların həyat və fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Rayon ağsaqqallarını bir araya gətirmək məqsədilə göstərdiyi təşəbbüskarlığa və təşkilatçılıq səylərinə görə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova dərin minnətdarlığını bildirən Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov iştirakçılarda xoş ovqat yaradan tədbirin rəsmi hissəsindən sonra hər kəsi çay süfrəsinə dəvət edib.





