İyun ayının 25-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik, müdrik ağsaqqal Ziyad Səmədzadənin 83 yaşı tamam olur.
Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ziyad Səmədzadə yüksək təşkilatçılıq, rəhbərlik və idarəetmə qabiliyyətinə, ən başlıcası isə mənəvi zənginliyə malik böyük alim və nüfuzlu şəxsiyyətdir. Onun insanlarla ünsiyyət mədəniyyəti və nikbinliyi çoxları üçün örnək sayıla bilər. Uzun illərdir elm sahəsində çalışan, Azərbaycanda iqtisadiyyat elminin inkişafına dəyərli töhfələr verən Ziyad Səmədzadəni xalqımız yaxından tanıyır, hər bir vətəndaşımız ona vətənpərvər ziyalı və müdrik ağsaqqal kimi böyük hörmət bəsləyir. İqtisadiyyat sahəsində apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və əldə etdiyi uğurlu nəticələr görkəmli alimə dünya şöhrəti qazandırmışdır. Fəaliyyəti boyunca Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyən Ziyad Səmədzadə bu gün də ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq vətənpərvər millət vəkili və dəyərli alim kimi xalqımıza böyük xidmətlər göstərir. Şərəfli və məhsuldar ömür yolu keçən Ziyad müəllim həyatının bu müdriklik çağında Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində əhəmiyyətli rol oynayır.
Bu xoş fürsətdən istifadə edərək Ziyad Səmədzadəni – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalı, dəyərli alimi, gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV