Xəbərlər

Ədəbiyyat İnstitutunun 90 illiyi ilə əlaqədar bir qrup alim Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təltif edilib

Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda yubiley tədbiri keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev, Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov, Türkiyədən Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, həmçinin, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rəsmiləri, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əməkdaşları və media mənsubları iştirak ediblər.

Əvvəlcə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. O qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi, böyük ənənələri var və dövrünün tanınmış simalarından olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq elminin möhkəm bünövrəsi yaradılıb. 22 mart 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsində Ədəbiyyat sektoru təşkil edilib, dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə gələcək Ədəbiyyat İnstitutunun əsası qoyulub, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat İnstitutu təşkil olunub. Sovet hakimiyyəti illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq sahəsində bir sıra mühüm elmi nəticələrin əldə olunduğunu deyən AMEA prezidenti qeyd edib ki, XX əsrin 50-80-ci illərində Ədəbiyyat İnstitutunda görkəmli elm xadimləri akademiklər Məmməd Arif  Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər yaradılıb və həmin elmi məktəblərdən bir çoxu bu günə qədər öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir.

Müstəqillik dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlayıb. AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır və bu münasibətilə institutun kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə digər natiqlərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də çıxış edib. O, akademik İsa Həbibbəylinin şəxsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını,  alimləri İnstitutun 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edib və onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Öz çıxışında Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin elmimizin inkişafındakı xidmətlərindən söz açan natiq vurğulayıb ki, xalqımızın Ümummilli Lideri elmimizin böyük hamisi idi. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində elmimizin inkişafına və elm adamlarına öz diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliklə  həyata keçirdiyi elm siyasəti, bu işıqlı yol hazırda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Bu gün elmimizin inkişafına göstərilən yüksək qayğı, eyni zamanda Azərbaycanın daha da qüdrətli olmasına, tərəqqisinə xidmət edir. Çıxışı zamanı Eldar Quliyev ölkəmizin bütün elmi potensialını özündə cəmləyərək respublikamızın elmi müəssisələrinin fəaliyyətini istiqamətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən bu günlərdə yaradılmasının 90 illiyi tamam olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib. Vurğulayıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olan bu elmi-tədqiqat İnstitutunun alimləri ölkəmizdə elmi məktəblərin yaranması, ədəbi əlaqələrin inkişafı, yeni elmi nəslin formalaşdırılması sahəsində böyük işlər görüblər, respublikamızda müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin genişləndirilməsinə və dərinləşdirilməsinə mühüm töhfələr veriblər.

Daha sonra o, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına verdikləri töhfələrə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdikləri xidmətlərə görə və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaradılmasının 90 illiyi münasibətilə İnstitutun bir qrup alimini Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı və Fəxri fərmanlarla  təltif edib, bir daha onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərdiyi dəstəyə görə və Ədəbiyyat İnstitutunun 90 illiyi ilə əlaqədar  Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyevi Azərbaycan Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, o cümlədən Şuranın digər əməkdaşları Şahnaz Hacıyeva, Rafiq Rzayev və Elşad Quliyev də iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.