Noyabr ayının 17-də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun 76 yaşı tamam olur.
Uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə müstəqil Azərbaycanın tərəqqisinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına, ölkəmizdə tibb sahəsinin inkişafına əvəzedilməz töhfələr verən Əhliman Əmiraslanov yalnız Azərbaycanda deyil, dünyada yüksək nüfuza sahib olan görkəmli şəxsiyyətdir. O, alim, ictimai-siyasi xadim, cərrah-onkoloq, tibb elmləri doktoru, professor, akademik, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının «Şöhrət», «Şərəf» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri laureatı, Əməkdar elm xadimi, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, ATU Onkologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavinidir və bu siyahını daha da uzatmaq olar.
Əhliman müəllimin adı hər bir azərbaycanlının qəlbində bir elm və şəfqət fədaisi rəmzinə çevrilib. Bu böyük şəxsiyyətin rəhbərliyi və dəstəyi ilə minlərlə tələbə, alim tibb elminin pillələrində yüksəlib, onun insanlığa şərəfli xidmətini davam etdirib. Onun şəfalı əlləri neçə-neçə ağır xəstəni yenidən həyata qaytarıb. Onun qəlbinin genişliyində, qayğı və xeyirxahlığında neçə-neçə vətəndaşın sosial problemləri həll olunub.
Akademik Əhliman Əmiraslanov öz şərəfli həyat yolu və zəngin təcrübəsi ilə həm də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini olaraq üzərinə düşən vəzifələri böyük məsuliyyət və həvəslə yerinə yetirir. O, milli mentalitetimizin, adət-ənənələrimizin qorunmasının zəruri olduğunu bilən və öz şəxsi nümunəsi, davranışları ilə bunu parlaq təzahür etdirən əzmkar bir ictimai-siyasi xadim, el ağsaqqalı kimi bir çox tədbirlərdə geniş xalq kütlələri ilə təmasda olur, dövlətimizin, möhtərəm Prezidentimiz və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətin cəmiyyətimizə daha dərindən çatdırılması, bu siyasətin hərtərəfli dərk olunub dəstəklənməsi üçün söhbətlər aparır, gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqlik və vətənpərvərlik ruhunda maarifləndirilməsi işinə xüsusi diqqət ayırır.
Bu xoş fürsətdən istifadə edərək bugünkü əlamətdar tarixdə Əhliman Əmiraslanovu – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, dəyərli ziyalımızı, vətənpərvər ictimai-siyasi xadimi və gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV