Xəbərlər

ƏHLİMAN ƏMİRASLANOV – 79

Noyabr ayının 17-də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik, müdrik ağsaqqqal, dəyərli ziyalı, vətənpərvər ictimai-siyasi xadim Əhliman Əmiraslanovun 79 yaşı tamam olur.

Mənalı və şərəfli ömür yolu, zəngin elmi-pedaqoji fəaliyyəti, yüksək intellekti, dərin biliyi, prinsipiallığı və zəhmətsevərliyi ilə böyük nüfuz və ehtiram qazanmış Əhliman Əmiraslanov Azərbaycan elminin, səhiyyəsinin və ictimai-siyasi həyatının inkişafına misilsiz töhfələr vermiş, bütün həyatını insanlara xidmətə, Vətənimizin tərəqqisinə həsr etmiş görkəmli şəxsiyyətdir. O, alimlik nüfuzunu və dövlətçilik məsuliyyətini, yüksək peşəkarlığı və nəcib insani keyfiyyətləri özündə birləşdirərək xalqımızın dərin hörmətini qazanmışdır.

Əhliman müəllim Azərbaycan tibb elminin beynəlxalq miqyasda tanınmasında, milli səhiyyəmizin müasir tələblər səviyyəsində inkişafında, yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Uzun illər Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyi dövrdə bu ali təhsil müəssisəsinin elmi və tədris potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görmüşdür. Görkəmli cərrah-onkoloq, alim və pedaqoq kimi yaratdığı elmi məktəb, qazandığı nailiyyətlər və yetişdirdiyi mütəxəssislər onun Azərbaycan elminə bəxş etdiyi dəyərli irsin parlaq göstəricisidir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri kimi fəaliyyəti ölkəmizdə səhiyyə siyasətinin təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə müasir qanunvericilik bazasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Seçicilərin yüksək etimadı ilə dəfələrlə Azərbaycan parlamentinə üzv seçilmiş akademikin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideallarına sədaqəti, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti hər zaman dəstəkləməsi, ölkəmizin inkişafı naminə göstərdiyi fəallıq onun yüksək vətəndaşlıq mövqeyinin bariz ifadəsidir.

Əhliman Əmiraslanovun çoxşaxəli fəaliyyətində Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini kimi üzərinə götürdüyü məsuliyyətli missiya xüsusi yer tutur. Müdrik ağsaqqal, nüfuzlu ziyalı və təcrübəli ictimai-siyasi xadim olaraq Şuranın fəaliyyətində yaxından iştirakı, zəngin həyat və əmək təcrübəsi ilə ümumi işə verdiyi töhfələr, milli-mənəvi dəyərlərimizin qorunması, ağsaqqallıq ənənələrinin yaşadılması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi istiqamətindəki səyləri yüksək təqdirəlayiqdir. Onun şəxsində elmə sədaqət, insanlara qayğı, müdriklik və məsuliyyət kimi ali keyfiyyətlər vəhdət təşkil edir. Bu baxımdan Əhliman müəllimin şərəfli həyat və fəaliyyət yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün əsl örnəkdir.

Əhliman Əmiraslanov bu gün də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü, eləcə də Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri kimi dövlətçilik ənənələrinə sədaqət və Vətənə sevgi ruhunda xalqımıza dəyərli xidmətlər göstərir, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Tutduğu vəzifələrdəki uğurlu və səmərəli fəaliyyətinə görə bir çox yüksək təltiflərə, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri kimi ali dövləti mükafatlara layiq görülmüşdür. Lakin əminliklə deyə bilərik ki, Əhliman müəllimin ən böyük mükafatı dövlətimizin və xalqımızın öz dəyərli ağsaqqalına, yüksək fəaliyyət əzmi ilə insanlara örnək ola biləcək ictimai-siyasi xadiminə, şəfqətli həkiminə olan sonsuz sevgisidir.

Doğma Azərbaycanımızı daim ucaldan görkəmli alim və müdrik ağsaqqal, elm və kamillik zirvəsi olan Əhliman Əmiraslanovu bu əlamətdar gündə Vətənimizin tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 79-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.