Oktyabrın 12-də Gülüstan sarayında Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Eldar Quliyevlə yanaşı, Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, Türkmənistanın Mədəniyyət naziri Atageldi Şahmuradov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, o cümlədən dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistanın Prezidenti cənab Sərdar Berdiməhəmmədovun səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasındakı dostluq münasibətlərindən və strateji əməkdaşlıqdan bəhs edən Qurbanməmmet Elyasov deyib: “Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Biz regional layihələrdə də birgə fəaliyyət göstəririk. Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra daha da möhkəmlənəcək”.
Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev öz çıxışında bildirib ki, Türkmənistan və Azərbaycanı ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik, dərin tarixi köklərlə bir-birinə bağlı olan əlaqələrimiz strateji tərəfdaşlığa əsaslanır. Ölkələrimizin sülh və sabitliyin tərəfdarı olduqlarını vurğulayan nazir əməkdaşlıq əlaqələrinin dərinləşməkdə olduğunu qeyd edib. Vurğulayıb ki, bunda hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri və qarşılıqlı etimad böyük rol oynayır. Sahil Babayev Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artdığını diqqətə çatdıraraq əlavə edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir.
Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ikitərəfli münasibətlərimizdə mövcud olan yüksək səviyyəli siyasi dialoqun, o cümlədən iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti cənab Sərdar Berdiməhəmmədov tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası çərçivəsində də inkişaf etdirildiyini vurğulayan natiq ötən il Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyətinin Türkmənistanın paytaxtı Aşqabad şəhərinə olan səfərindən bəhs edib. Orada sabiq Prezident, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri cənab Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə səmərəli görüşlərin keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Qurbanqulu Berdiməhəmmədovun ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən “Fəxri Ağsaqqal” ordeni ilə təltif edildiyini vurğulayıb. Əmin olduğunu bildirib ki, ölkələrimiz və xalqlarımız arasındakı bu yaxın münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcəkdir.
Türkmənistanın Mədəniyyət naziri Atageldi Şahmuradov ölkəsinin müstəqilliyinin 32-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin bütün türk dövlətləri kimi, Türkmənistanı da çox sevindirdiyini deyən natiq Şuşanın TÜRKSOY-un mədəniyyət paytaxtı seçilməsinin önəmini vurğulayıb. Nazir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.






