Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Cümhurriyyət Günü münasibətilə qardaş Türkiyəyə təbriki

Azərbaycan Ağsaqqallar Şurası Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə qardaş Türkiyəyə təbrik ünvanlayb. Təbrikdə deyilir:

29 Oktyabr qardaş Türkiyənin və Türk xalqının həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün dünyada söz sahibi olan və gündən-günə inkişaf edən qardaş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd olunur. Azərbaycan xalqının hər bir nümayəndəsi kimi ağsaqqallar da Türk xalqı və cümhuriyyəti ilə birgə bu günü böyük iftixar və qürur hissi ilə bayram edirlər.
Ulu Öndərimiz Heydər Əliyevin tarixi sözləri ilə desək, “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə və hər iki ölkənin güclü liderləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətləri bu gün də yüksək səviyyədə və dinamik şəkildə inkişaf edir. Hər bir vətəndaşımızın qəlbində qardaş Türkiyənin xüsusi yeri vardır. Türkiyə Cümhuriyyətinin qurucusu böyük Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi “kədəriniz kədərimiz, sevinciniz sevincimizdir.” Bizi ortaq soyumuz-kökümüz, şərəfli keçmişimiz, tarixin ağır sınaqlarından çıxmış etibarlı və möhkəm qardaşlıq və dostluq telləri bağlayır. Ölkələrimiz arasındakı tarixi, dini, mədəni əlaqələr və digər bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq hazırda yüksələn xətlə möhkəmlənir və güclənir.
Qardaş Türkiyəni əlamətdar və tarixi gün – Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, Cümhuriyyət bayramı münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından ürəkdən təbrik edir, doğma türk xalqına sülh, əmin-amanlıq, tərəqqi, firavanlıq və uğurlar arzulayırıq! Qoy qardaşlığımız və dostluğumuz əbədi olsun! Uca Allah Türk xalqlarını və dövlətlərini qorusun!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                           Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.