Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasında  tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 7-də Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professor Şəmsəddin Hacıyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, professor İbrahim Quliyev, həmçinin Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov,  Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri İkinci Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər,  məzarları üzərinə gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.  Xiyabanda şəhid valideynləri ilə görüşən Eldar Quliyev onlara öz dərin hörmətini bildirərək vurğulayıb ki, torpaqlarımız uğrunda, Vətən uğrunda həlak olan, canını qurban verən Azərbaycan oğullarını xalqımız heç zaman unutmayacaqdır. Şura üzvləri Xiyabanda olarkən digər şəhidlərimizlə yanaşı, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətovun oğlu, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn, Silahlı Qüvvələrimizin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun da məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Tədbirdə ilk öncə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev Şuranın bütün üzvlərini və xalqımızı 8 Noyabr – Zəfər Günü, möhtəşəm Qələbəmizin 3-cü ildönümü münasibətilə təbrik edərək, bu böyük sevinc və qürur hissini bizə yaşatdığna görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və rəşadətli Ordumuza 35 minlik Şura üzvləri adından minnətdarlığını ifadə edib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatlarında  torpaqlarımızı işğaldan azad edərək Ermənistanı sülhə məcbur edib.  Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan bu gün həmin torpaqlarda böyük vüsətlə genişmiqyaslı quruculuq işləri həyata keçirir və  məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Eldar Quliyev, həmçinin qeyd edib ki, Azərbaycan işğal olunan torpaqlarımızda nəzarəti bərpa etdikdən sonra həmin ərazilərdə, Qarabağda yaşayan erməni əsilli sakinlərə ölkəmizin vətəndaşlığını almaq, tam təhlükəsiz şəraitdə yaşayaraq cəmiyyətimizə inteqrasiya etmək imkanı təklif edib və bunun üçün hər cür şərait yaradıb. Natiq noyabrın 8-də – Zəfər  Günündə Xankəndidə möhtəşəm bir paradın, Qələbə paradının keçiriləcəyini də tədbir iştirakçılarına xatırladaraq əlavə edib ki, Azərbaycan xalqına və bütün Türk dünyasına bu böyük Zəfər sevincini yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyev nəyi, nə zaman və necə edəcəyini çox gözəl bildiyini bir daha sübut etdi.

Sonra çıxış edən Əhliman Əmiraslanov,  Eldar İbrahimov, Bayram Yusifov, Aqiyə Naxçıvanlı, Abel Məhərrəmov və digər natiqlər də tariximizin ən şərəfli, ən əziz bayramı olan 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Vurğulayıblar ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və qəhrəman Ordumuz 30 ildən çox davam edən Vətən həsrətinə son qoyaraq xaqımıza bütöv Azərbaycan bağışladı.  Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbə əbədi olacaqdır.

Tədbirdə, həmçinin, qərara alınıb ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə  təbrik məktubu ünvanlansın.

Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.