Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Möhtərəm cənab Prezident!

Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin rəmzi olan 8 Noyabr – Zəfər Günü, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbənin üçüncü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Zəfər Günü xalqımızın Qarabağa, işğal altındakı ata-baba torpaqlarına qovuşduğu tarixi bir gündür. Sizin rəhbərliyiniz ilə qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazandığı möhtəşəm Qələbə ilə erməni işğalına son qoyulan gündür. Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi uğrunda Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirərək Ata vəsiyyətini yerinə yetirdiniz. Üçrəngli dövlət bayrağımızı Qarabağımızda və işğaldan azad edilmiş bütün torpaqlarımızda yüksəldərək sülhü, əmin-amanlığı bərqərar etdiniz. Hərb və savaş meydanında olduğu kimi, Siz diplomatiya və informasiya mübarizəsində də qələbə qazandınız, düşmənə və onun havadarlarına ağır zərbələr vuraraq yalanlarını ifşa etdiniz.
Haqqı, ədaləti bərpa edərək əzəli və əbədi torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyinizə, Azərbaycan xalqına böyük Zəfər sevinci və qalibiyyət qüruru bəxş etdiyinizə görə Sizə – Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanına və şanlı tarix yazan rəşadətli Ordumuza dərin minnətdarlığımızı bildiririk! Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!
Möhtərəm cənab Prezident!
Bu gün Sizin rəhbərliyiniz ilə işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq və inkişaf salnaməsi gerçəkləşir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır, bu ərazilərdə Ermənistan tərəfindən tamamilə dağıdılmış, məhv edilmiş həyat yenidən canlanır. İnfrastruktur bərpa edilir, yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, məktəb və xəstəxanalar tikilir. Artıq dövlətimiz tərəfindən həyata keçirilən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar. Qazanılan möhtəşəm Zəfər, aparılan genişmiqyaslı, sürətli tikinti-quruculuq işləri və yalnız işğaldan azad edilmiş ərazilərimizdə deyil, bütün Azərbaycanda bariz şəkildə müşahidə olunan dinamik inkişaf prosesi Sizin başçılıq etdiyiniz dövlətimizin gücünün, qüdrətinin və potensialının göstəricisidir.
Hazırda sarsılmaz Xalq-Ordu-Prezident birliyinin mövcud olduğu ölkəmizdə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri də hər zaman Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz uğurlu daxili və xarici siyasəti daim dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəklər.
Möhtərəm cənab Prezident!
Zəfər Günü münasibətilə bir daha Sizi və ən yaxın silahdaşınızı, dövlətimizin davamlı inkişafı naminə yorulmaz fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çətin, məsuliyyətli və şərəfli işlərinizdə uğurlar arzulayır, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim rifah, sülh, əmin-amanlıq və inkişaf diləyirik!
Allah Sizi və Azərbaycanı qorusun! Yaşasın şanlı Azərbaycan Ordusu!

 

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri
adından Şuranın sədri, Milli Məclisin
deputatı, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.