23 noyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Astara Rayon Ağsaqqallar Şurasının və YAP Astara rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Ələt-Astara-İran magistral yolunun Ərçivan qəsəbəsindən keçən hissəsində yol kənarında keçirilən ağacəkmə aksiyasında Rayon Ağsaqqallar Şurasının üzvləri və partiya fəalları yaxından iştirak ediblər. Aksiyada 100 ədəd meyvə və həmişəyaşıl ağac növləri əkilib.
Tədbirdə iştirak edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının “Heydər Əliyev İli” ilə əlaqədar hazırladığı Tədbirlər planı əsasında paytaxtla yanaşı, regionlarda da yerli təşkilatlar tərəfindən bir çox tədbirlər keçirilir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bu ağacəkmə aksiyasının keçirilməsində başlıca məqsəd ətraf mühitin sağlamlaşdırılmasına, ekologiyanın qorunmasına və yaşıllaşdırma işlərinin mütəmadi həyata keçirilməsinə daim böyük önəm verən Ulu Öndərin əziz xatirəsini yad etmək, onun təbiətə göstərdiyi yüksək qayğı ənənələrini uğurla davam etdirməkdən ibarətdir.