Dekabr ayının 5-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun 70 tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Ramiz müəllim!
Sizi – ölkəmizin mənafeyini hər şeydən üstün tutan dəyərli şəxsiyyəti, vətənpərvər ziyalını, müdrik ağsaqqalı 70 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və Azərbaycanımızın inkişafı naminə gərəkli ictimai-mədəni fəaliyyətinizdə uğurlar arzulayırıq!
Siz həyatınız boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə böyük fədakarlıqla xidmət göstərən alicənab insan, dəyərli pedaqoq və vətənpərvər ictimai xadimsiniz. Gənc yaşlarınızdan sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyətiniz, işgüzarlığınız və yüksək intellektiniz ilə seçilərək Vətənimizin gözəl guşəsi olan İmişli rayonunda və Azərbaycanın digər bölgələrində yüksək nüfuz qazanmısınız. Pedaqoji sahədə və bir sıra məsul vəzifələrdə ölkəmizin tərəqqisi naminə uğurla çalışaraq, yüzlərlə şagird və tələbənin ali təhsil almasında, bilik və bacarıqlara yiyələnməsində, cəmiyyətdə nümunəvi vətəndaşlar olaraq formalaşmasında böyük rol oynamısınız. Fəaliyyət göstərdiyiniz dövrdə təhsil sahəsindəki xidmətlərinizə görə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına və bir sıra digər mükafatlara layiq görülübsünüz.
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi naminə Siz bu gün də yüksək əzmkarlıq nümayiş etdirirsiniz. İmişli Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi öz nümunəvi fəaliyyətinizlə ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edir, gənclərimizin vətənpərvərvərlik ruhunda tərbiyə olunmasına, onların təhsilə, elmə maraqlarının artırılmasına böyük töhfələr verirsiniz.
Hörmətli Ramiz müəllim!
Bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə tükənməz gənclik enerjisi, xoşbəxtlik və gələcək işlərinizdə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV