Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasında cari ilin yekunlarına dair iclas keçirilib

Dekabr ayının 26-da Nərimanov Rayon Ağsaqqallar Şurasında ilin yekunlarına dair iclas keçirilib.

İclasda Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, təşkilatın İdarə Heyətinin üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İclası giriş nitqi ilə açan Arif Hümbətov konfrans iştirakçılarını salamlayaraq onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasından, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara verdiyi yüksək dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açıb. Ölkəmizdə ağsaqqalların ictimai həyatda tutduqları mühüm mövqedən bəhs edən natiq deyib ki, hazırda Azərbaycan Ağsaqqallar Şurası təşkilatın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə məhsuldar fəaliyyətini uğurla həyata keçirir. Yerli təşkilatda təmsil olunan ağsaqqalların Nərimanov rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan danışan Arif Hümbətov qeyd edib ki, cari il ərzində Rayon Ağsaqqallar Şurası aktual mövzularla bağlı, xüsusilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bir çox əhəmiyyətli tədbirlər, görüşlər keçirib, digər təşkilatlarla sıx əməkdaşlıq edib, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə və maarifləndirilməsinə böyük önəm verilib. Sonra Nərimanov Rayon Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verən Arif Hümbətov bildirib ki, hər zaman olduğu kimi növbəti illərdə də Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizə və xalqımıza xidmət göstərəcəklər.
İclasda çıxış edən digər natiqlər də cari il ərzində ağsaqqalların rayonun ictimai-mədəni həyatında fəal iştirakından, təşkilat tərəfindən keçirilən əhəmiyyətli tədbirlərdən, gənc nəslə milli-mənəvi dəyərlərimizin, Vətənə, dövlətə sadiqlik hisslərinin aşılanmasından və görülən başqa işlərdən bəhs ediblər.
Sonra Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Bəbir Hüseynov 92 yaşının tamam olması münasibətilə tədbir iştirakçıları tərəfindən təbrik edilib.
Tədbirdə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov “Heydər Əliyev” medalı, Rayon Ağsaqqallar Şurasının üzvü, tarix üzrə fəlsəfə elmləri doktoru, yazıçı Elmira Camalova  “Qızıl qələm” media mükafatı ilə təltif olunub. Həmçinin rayonun ictimai həyatında fərqlənən fəal gənclər Nərimanov Rayon Ağsaqqallar Şurası tərəfindən Fəxri diplom və Təşəkkürnamələrlə mükafatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.