May ayının 27-də Yardımlı Rayon Ağsaqqallar Şurasının 28 May – Müstəqillik Gününə həsr edilmiş konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev, Yardımlı Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid valideynləri, o cümlədən rayon əhalisinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra rayonun Şəhidlər Xiyabanında Yardımlı şəhidlərlərinin xatirəsini böyük ehtiramla yad edərək, onların ruhlarına dualar oxuyublar.
Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Yardımlı Rayon Ağsaqqallar Şurasının mərhum sədri Məzlum Mənsimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanovanı və bütün tədbir iştirakçılarını salamlayaraq, onları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Müstəqilliyimizin 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayına qədər davam edən 23 aylıq qısa dövrü ərzində görülən böyük işlərdən söhbət açan natiq Azərbaycan müstəqilliyinin rəmzi olan bayrağımızın növbəti dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldığını vurğulayıb. Bu gün müstəqilliyimizin etibarlı əllərdə olduğunu qeyd edən Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük Zəfərdən, ölkəmizdə gedən sosial-iqtisadi tərəqqidən və digər məsələlərdən bəhs edib. Bildirib ki, öz fəallıqları ilə seçilən Yardımlı ağsaqqalları, hər zaman olduğu kimi, Vətən müharibəsi və pandemiya dövründə də daim rayon əhalisinə mənəvi dəstək olublar.
Yardımlı Rayon Ağsaqqallar Şurasının sədr müavini Etibar Əməşovun təşkilatın son bir illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Məruzədə deyilib ki, Rayon Ağsaqqallar Şurası ötən hesabat dövründə fəaliyyətlərini Əsasnamə və Nizamnamə əsasında İllik İş planına uyğun quraraq dövlətimizin uğurlu siyasətini əhali arasında təbliğ edib, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və digər vacib məsələlərə xüsusi diqqət yetirib. Hesabat dövründə keçirilmiş yığıncaqlardan, müzakirə edilmiş problemlərdən, həmçinin şəhid ailələri və qazilərlə təşkil olunan görüşlərdən bəhs edilib. Vurğulanıb ki, ağsaqqallar şurasının fəaliyyətinə rayon rəhbərliyi tərəfindən hər cür şərait və dəstək təmin olunub.
Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlərin namizədliyi səsə qoyulub və 7 nəfərdən ibarət tərkib formalaşdırılıb. Konfransda, həmçinin, sədr müavini Etibar Əməşovun şuradakı uğurlu fəaliyyəti nəzərə alınaraq sədr vəzifəsinə namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra Yardımlı Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Konfransın xalqımızın ən böyük sərvətlərindən olan Müstəqillik Gününə həsr edildiyini xatırladan və hər bir kəsi müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümü münasibətilə təbrik edən Elmira xanım qeyd edib ki, may ayı Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən əlamətdar günlərlə zəngindir: ayın əvvəlində bütün müsəlman aləminin ən müqəddəs və əziz bayramlarından olan Ramazan bayramı, 9 May – faşizm üzərində əldə edilən Qələbə günü, 10 May – Azərbaycanımızın xilaskarı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May – Müstəqillik Günümüz. Sadalanan hər bir bayramın xalqımız üçün böyük əhəmiyyət daşıdığını bildirən natiq 1941-1945-ci illərdə – Böyük Vətən müharibəsində Azərbaycan neftinin və dünya şöhrətli alimimiz Yusif Məmmədəliyevin bu neftdən hazırladığı yüksək oktanlı benzinin qələbənin qazanılmasında həlledici rol oynadığını bildirib.
Xalqımızın və dövlətimizin şanlı tarixinin olduğunu qürurla vurğulayan Elmira Süleymanova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən millətimizin, rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu erməni işğalçıları tərəfindən zəbt olunmuş əzəli Azərbaycan torpaqlarının azad edilməsi və əsl sahibləri olan məcburi köçkünlərin doğma yurdlarına qayıtması olub və bu arzusunu onun layiqli varisi, siyasi kursunu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev həyata keçirib. Qeyd edib ki, müzəffər Ali Baş Komandanımızın Vətən müharibəsində böyük sərkərdə və mahir diplomat kimi nümayiş etdirdiyi mükəmməl strategiya və həyata keçirdiyi düzgün taktika dünya hərb elmində silinməz iz qoyub. Elmira Süleymanova onu da bildirib ki, biz gələcək fəaliyyətimizdə gənclərimizi, müharibə dövründə olduğu kimi, hər zaman dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdirməklə müstəqil Azərbaycan Respublikasının daha yüksək nailiyyətlər əldə etməsinə nail olmalıyıq.
Elmira xanım Azərbaycanda ağsaqqalların böyük nüfuz sahibləri olmasından da danışıb. Vurğulayıb ki, Ümummilli Liderin “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” hesab etdiyi ağsaqqallara dövlət başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük qayğı ilə yanaşır, bütün ahıl insanların, şəhid ailələrinin və qazilərin hüquqlarının və ehtiyaclarının təmin edilməsinə dəstək olurlar.
Daha sonra çıxış edən Yardımlı Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Asif Ağayev, şəhid atası Vaqif Zeynalov, Rayon Veteranlar Şurasının sədri Zakir imanov və digər natiqlər ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Həmçinin gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyəsi işinə və onları daim dəstəkləməyə yönəlmiş ağsaqqalların fəaliyyətinin zəruriliyini qeyd ediblər.
Sonda Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşov ona və yeni seçilmiş İdarə Heyətinin üzvlərinə göstərilmiş etimada görə minnətdarlığını bildirib və təşkilatın bundan sonra da rayonun ictimai-mədəni həyatında fəal rol oynayacağını qeyd edib.
Konfransdan sonra Elmira Süleymanova rayon rəhbərliyi ilə birlikdə Yardımlı Rayon Ağsaqqallar Şurasının mərhum sədri Məzlum Mənsimovun evində olub. Mərhumun həyat yoldaşı və övladları ilə görüşərək onlara bir daha başsağlığı verib, problemləri və qayğıları ilə maraqlanıb. Mərhumun ailə üzvləri göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.