Xəbərlər

Cəlilabadda Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib


May ayının 31-də Cəlalabad Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Respublika Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbir iştirakçılarını salamladıqdan sonra bildirib ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi Cəlilabadda da ağsaqqallara böyük hörmət vardır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cəlilabada İcra başçısı təyin edildikdən 3 gün sonra rayon ağsaqqalları ilə görüşdüyünü, onların məsləhət və tövsiyələrini dinlədiyini xatırladıb və qeyd edib ki, ağsaqqallarla birgə görüşlər mütəmadi olaraq keçirilir. Başçı Vətən müharibəsindən də bəhs edərək vurğulayıb ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər xalqımızın sınmış qürurunu bərpa etdi. Rayonda şəhid ailələrinə və qazilərə xüsusi qayğı və diqqət göstərildiyini deyən Rafiq Cəlilov ağsaqqalların da bu məsələyə həssaslıqla yanaşdıqlarını və onlara hər zaman mənəvi dəstək göstərdiklərini qeyd edib.
Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov öz çıxışında təşkilatın son bir il ərzində gördüyü işlər barəsində məlumat verib. Qeyd olunub ki, koronovirus pandemiyası ilə əlaqədar müəyyən çətinliklər olsa da, Rayon Ağsaqqallar Şurası karantin qaydaları çərçivəsində öz fəaliyyətini səmərəli şəkildə qura bilib. Xüsusilə gənclərlə maarifləndirici iş aparılması sahəsində bir sıra tədbirlər keçirilib, şəhid ailələri və qazilərlə görüşlər təşkil olunub, şəhidlərimizin anım günlərində və digər toplantılarda ağsaqqallar yaxından iştirak ediblər. Ədalət Əsgərov gənc nəsli Vətənə, xalqa, dövlətə sədaqət və hörmət ruhunda yetişdirmək üçün daha çox təhsil müəssisələri ilə əməkdaşlıq etdiklərini, həmçinin rayon əhalisini əsrimizin bəlası olan narkomaniyadan, siqaret aludəçiliyindən və digər zərərli vərdişlərdən qorumaq, onları maarifləndirmək üçün polis orqanları ilə birgə tədbirlər keçirdiklərini də qeyd edib. Vurğulanıb ki, rayon ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı hərtərəfli uğurlu siyasəti öz fəaliyyətləri ilə hər zaman dəstəkləyirlər.
Elmira Süleymanova tədbir iştirakçılarını və onların timsalında bütün Cəlilabad əhalisini Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, hər bir kəsə xoş günlər və əmin-amanlıq arzulayıb. Elmira xanım artıq cənub bölgəsinin bir neçə rayonunda Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş hesabat konfransları keçirdiklərini qeyd edərək hal-hazırda cəlilabadlılarla görüşdüyü üçün şad olduğunu bildirib. Vurğulanıb ki, xalqımız ötən əsrin əvvəlində öz müstəqil respublikasını qurmuş, 1991-ci ildə isə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etmişdir. Cənab İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində imzaladığı qanunda göstərildiyi kimi 1918-ci ildə AXC tərəfindən İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may tarixi Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qızıl hərflərlə tariximizə yazılmışdır.
Elmira xanım ölkəmizin 90-cı illərin əvvəlində düşdüyü ağır vəziyyətdən də danışaraq qeyd edib ki, xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, vətənimizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ümummilli Liderimizin əsasını qoyduğu strateji kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir, müstəqilliyimiz qorunur, möhkəmləndirilir, həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilir.
Elmira Süleymanova 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə rəşadətli Ordumuzun qətiyyətli əks-hücum əməliyyatlarına başlamasından və 44 günlük Vətən müharibəsində 30 il düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad olunmasından, əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan, Prezident-Xalq-Ordu birliyindən ətraflı bəhs edib, bu Zəfərin müstəqil dövlətimizin gələcək inkişafı üçün böyük imkanlar yaratdığını bildirib.
Sonda Cəlilabad Rayon Ağsaqqallar Şurasına gələcək fəaliyyətində uğurlar arzulayan Elmira xanım vurğulayıb ki, biz müstəqilliyimizin daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətini dəstəkləməklə öz milli-mənəvi, əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qoruyaraq yaşatmalıyıq və gənc nəsli əsrlərin böyük sınaqlarından keçmiş bu mənəvi, əxlaqi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirməliyik.
Konfransda çıxış edən natiqlər Cəlilabad ağsaqqallarının bundan sonra da rayonun ictimai-siyasi həyatında fəallıq göstərəcəklərinə, gənclərimizin Vətənə, xalqa, dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.