Azərbaycan Ağsaqqallar Şurası 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Veteranlar!
Hörmətli Fatma xanım Səttarova!
Hörmətli polkovnik Cəlil Xəlilov!
Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan veteranlarını – tarixi qələbəyə böyük töhfələr verən hər bir soydaşımızı İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xalqımıza və dövlətimizə sülh, rifah və əmin-amanlıq arzulayırıq!
Faşizm üzərində qələbənin əldə olunmasında, İkinci Dünya müharibəsində qazanılan tarixi qələbədə Azərbaycan xalqının çox böyük payı olmuşdur. Cəbhəyə yola salınan 600 min azərbaycanlının təxminən yarısı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Xalqımız bu qələbəyə arxa cəbhədə də böyük töhfələr vermişdir. O ağır illərdə Sovetlər İttifaqında neftin 75 faizindən çoxu Vətənimizdə azərbaycanlıların misilsiz əziyyəti bahasına hasil olunaraq emal edilirdi və böyük çətinliklərlə cəbhəyə göndərilirdi. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, eyni zamanda, arxa cəbhədə fədakarlıqla çalışmış həmvətənlərimizin unudulmaz xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.
Bu gün həmin qəhrəman azərbaycanlıların davamçıları, igid Vətən oğulları Qarabağımızda tarixi ədaləti bərpa edərək şanlı Zəfər qazandılar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xilaskarlıq missiyasını şərəflə yerinə yetirən rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri düşməni təslim olmağa məcbur edərək əzəli, əbədi torpaqlarımızı işğaldan azad etdilər. Biz ağsaqqallar xalqımıza əziz olan hər bir veteranla yanaşı, I və II Qarabağ müharibəsi qazilərimizə də dərin minnətdarlığımızı ifadə edirik və topaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!
Əziz veteranlar!
Bir daha Sizi faşizm üzərində Qələbə günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayır, ölkəmizə, millətimizə firavanlıq, tərəqqi və uğurlar diləyirik!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev