Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Seyidov Vurğun Əlamət oğlunun və Mustafayev Nuhu Mustafa oğlunun nəşinin qalıqları Ağsu rayonuna gətirilib. Onlar Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdular.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğulları ilə Ağsu rayonunda vida mərasimləri keçirilib, cənazə namazları qılınaraq ruhlarına dualar oxunub.
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Seyidov Vurğun Əlamət oğlunun nəşi Ağsu rayonun Kalva kəndinin qəbiristanlığında, Mustafayev Nuhu Mustafa oğlunun nəşi isə rayonun Şəhidlər xiyabanında dəfn olunub.
Vida və dəfn mərasimlərində şəhidlərin ailə üzvləri, digər şəhid ailələri, qazilər, eləcə də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov və təşkilatın üzvləri, o cümlədən ağsaqqallar, rayon icra hakimiyyətinin, YAP Ağsu rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olan Vurğun Əlamət oğlu Seyidov 1993-cü ilin fevral ayında Kəlbəcər rayonunun Murovdağ istiqamətində, 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olan Nuhu Mustafa oğlu Mustafayev isə 1994-cü ilin fevral ayında Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdılar.







