Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Biləsuvar, Cəlilabad və Masallı rayon təşkilatlarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları may ayının 30-da Biləsuvar, Cəlilabad və Masallı rayonlarında təşkil olunub.

Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Konfranslarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları öz çıxışlarında qeyd ediblər ki, rayonlarda böyük hörmət və nüfuz sahibi olan ağsaqqallarla mütəmadi olaraq səmərəli görüşlər, birgə tədbirlər keçirilir, onların məsləhət və tövsiyələrinə xüsusi dıqqət yetirilir. İctimai fəallıqları ilə seçilən  ağsaqqallarımız cəmiyyətimizdəki bir sıra nöqsanların aradan qaldırılmasında,  gənclərimizin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında önəmli rol oynayırlar. Natiqlər, həmçinin, bildiriblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin hər zaman ağsaqqallara göstərdiyi böyük diqqət və qayğı  hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri  Akif  Kazımov, Cəlilabad  Rayon Ağsaqqallar Şurasının sədri  Ədalət Əsgərov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev hesabat dövrü ərzində görülən işlər barədə məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq gənclərin maarifləndirilməsi, əhalinin sosial-məişət problemlərinin həll  edilməsi və narkomaniyanın, boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətindəki tədbirlərdə, eləcə də 7 fevral prezident seçkilərində fəallıq nümayiş etdiriblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər. Sədrlər, həmçinin, qeyd ediblər ki, bundan sonra da Biləsuvar, Cəlilabad və Masallı rayonlarının ağsaqqalları ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edərək Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Sonra çıxış edən digər natiqlər də ölkəmizdə ağsaqqal sözünə, ağsaqqal böyüklüyünə verilən yüksək dəyərdən danışıblar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin onlara göstərdiyi hörmət və ehtiramı yüksək qiymətləndiriblər. Dövlət başçısı ilə yanaşı, rayon rəhbərlərinin də ağsaqqallara olan səmimi münasibətlərini  dilə gətirərək, bundan sonra da Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Görülən işləri qənaətbəxş hesab edərək, gələcəkdə ağsaqqalların öz fəaliyyətlərini daha da artıracaqlarına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın ictimai-mədəni həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizdəki problemlərin həlli, xüsusilə də boşanmaların, erkən nikahların qarşısının alınması və bununla bağlı gənclərimizin maarifləndirilməsi üçün öz səylərini əsirgəməməlidirlər. O, Ulu Öndər Heydər Əliyevin tərəqqi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş şəhər və rayonlarımızda görülən bərpa-quruculuq işlərindən, insanların rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən səmərəli sosial-iqtisadi islahatlardan da ətraflı söz açıb. Qazaxın dörd kəndinin qaytarılmasını dövlət başçısının qətiyyətli siyasətinin böyük uğuru kimi dəyərləndirib. Çıxışının sonunda hər üç rayonun ağsaqqallarına möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov Ümummilli Liderimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdıraraq böyük diqqət ayırdığı ağsaqqallarımıza göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Konfranslardan sonra tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.