Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “General Həzi Aslanov” yubiley medalı ilə təltif edilib

Bildiyiniz kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanın təşəbbüsü ilə hər iki təşkilat arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsi imzalanıb və Tədbirlər Planı tərtib olunub. Bu Plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün mütəmadi olaraq paytaxtda və bölgələrdə birgə müvafiq tədbirlər və görüşlər həyata keçirilir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq, türkçülük, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik, sağlam həyat tərzi kimi əsas prinsiplərin təbliğinin genişləndirilməsi, ailə dəyərlərinin qorunması, erkən nikahların qarşısının alınması, ailələrin əsassız dağılmasına yol verilməməsi və bir çox digər aktual məsələlərin həll edilməsidir.

Hazırda da Azərbaycan Ağsaqqallar Şurası ilə Veteranlar Təşkilatı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam etdirilir. Belə ki, səmərəli ictimai-siyasi fəaliyyətinə və şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğıya görə bu gün İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “General Həzi Aslanov” yubiley medalı ilə təltif edilib. Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın mətbuat katibi Rafiq Rzayev iştirak edib.

İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova yubiley medalını təqdim edən polkovnik Cəlil Xəlilov onu bu yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edərək, möhkəm cansağlığı və gələcək işlərində davamlı uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də Saleh Səmədovun gördüyü işləri və sədrlik etdiyi İmişli Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı müsbət rolunu xüsusi qeyd edib. Saleh müəllimi “General Həzi Aslanov” yubiley medalı ilə təltif olunmağı münasibətilə təbrik edən Ramin Həsənli ona bundan sonrakı fəaliyyətində də yeni-yeni nailiyyətlər diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.