Xəbərlər

BAŞSAĞLIĞI

Azərbaycan Ağsaqqallar Şurasına və ölkə ictimaiyyətinə ağır itki üz vermişdir. Tovuz Rayon Ağsaqqallar Şurasının sədri, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı, müdrik ağsaqqal Tofiq Məhəmmədəli oğlu Zeynalov 2024-cü il sentyabr ayının 11-də 80 yaşında vəfat etmişdir.
Vətəninə, dövlətinə, xalqına çox bağlı olan Tofiq Zeynalov yalnız Tovuz rayonunun əhalisi arasında deyil, bütün Azərbaycanda böyük hörmət və nüfuz sahibi olmuşdur. Fəaliyyəti boyunca daim xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Tofiq Zeynalov səmərəli ictimai-siyasi fəaliyyəti və xeyirxah əməlləri ilə onu tanıyan insanların dərin rəğbətini qazanmışdır. Uzun müddət rəhbər vəzifələrdə uğurla çalışaraq xalqımıza, dövlətimizə fədakarlıqla xidmət edən Tofiq müəllimin səmərəli fəaliyyəti “Şöhrət” ordeni və bir sıra digər yüksək təltiflərlə dəyərləndirilmişdir.
Fəaliyyəti dövründə hər zaman Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyən Tofiq Zeynalov Tovuz Rayon Ağsaqqallar Şurasının sədri kimi ölkəmizin ictimai-mədəni həyatında daim yaxından iştirak etmiş, gənc nəslin maarifləndirilməsinə, onların milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə böyük töhfələr vermişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan ictimaiyyətinə, Zeynalovlar ailəsinə və mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Müdrik ağsaqqal, dəyərli ziyalı Tofiq Zeynalovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                             Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.