Xəbərlər

Uğurlarımızda ağsaqqal payı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu baxımdan bu il ilk dəfə suveren Azərbaycan Respublikasında keçirilən və bütün beynəlxalq norma və qaydalara cavab verən, xalqımızın iradəsini tam əks etdirən növbədənkənar prezident və parlament seçkiləri xüsusi vurğulanmalıdır.

Danılmaz bir faktdır ki, bu gün ölkəmizin tərəqqisinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün dünyada hökm sürən təlatümlər, böhran, haqsızlıq və ikili standartlar şəraitində ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, suverenliyimizin bərpası, həyata keçirilən iqtisadi və sosial layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.
Müasir qloballaşma şəraitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qayəsini daha çox sosial ədalətə nail olmaqla yanaşı, ölkəmizə qarşı siyasi, iqtisadi təzyiqə yol verilməməsi və ikili standartların fəsadlarının azaldılmasına dair ardıcıl, cəsarətli və həm də dərin düşünülmüş mübarizə təşkil edir. Bütün bunlar barədə Prezident İlham Əliyev özünün proqram xarakterli məruzəsində ətraflı vurğulamışdır. Azərbaycan ağsaqqalları üçün önəmli olan bəzi tezislər üzərində qısaca dayanmaq istərdim.
Prezident qeyd edir ki, “Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır”.
Tamamilə haqlı olaraq ölkə Prezidenti qeyd etmişdir ki, “İdeoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların”.
Bir neçə gün bundan əvvəl cənab Prezident Qarabağ Universitetinin açılışında demişdir ki, “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir”.
Prezidentin təbirincə desək, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır.
Prezidentin belə bir fikri də diqqət çəkir ki, “Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır”.
Xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolu danılmazdır.
Azərbaycan Ağsaqqallar Şurası hər zaman olduğu kimi, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, Vətənimizin tərəqqisi naminə daha böyük səylər göstərəcəkdir. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Şura, onun rayon və şəhər təşkilatları Prezidentimizin siyasətini dəstəkləməklə, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmindədir. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərlərinə böyük vəzifələr düşür.
Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, ölkəmizə qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir.
İkili standartlar siyasəti ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. İkili standartlarda ittiham etmək də geniş yayılmışdır və tənqidləri dəf etmək üçün çox vaxt ona əl atırlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dünyaya açıq bir ölkə olmaqla, xarici əlaqələrin qurulmasında çox maraqlıdır.
Möhtərəm Prezidentimizin bu sahədə də siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin özünün sözlərini xatırlatmaq yerinə düşər: “Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.
Əmin olduğumu bildirirəm ki, Azərbaycan ağsaqqalları hər zaman olduğu kimi bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli həmrəylik və gənclərin mənəvi tərbiyəsi istiqamətindəki ideyalarının reallaşmasında fəal mövqe nümayiş etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının VIII qurultayının 4-cü ildönümü ərəfəsində bütün ağsaqqallarımıza ən səmimi arzularımı çatdırıram və fürsətdən istifadə edərək, hamımızın adından VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə yenidən deputat seçilmiş dəyərli ağsaqqallarımızı – Azərbaycan Ağsaqqallar Şurasının sədri hörmətli Eldar Quliyevi, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini hörmətli Əhliman Əmiraslanovu, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri hörmətli Eldar İbrahimovu və Ağalar Vəliyevi, habelə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik Ziyad Səmədzadəni bir daha ürəkdən təbrik edir və gələcək fəaliyyətlərində onlara uğurlar diləyirəm!

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini,
professor Vahid Novruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.