Xəbərlər

Şirvan şəhərində və Hacıqabul rayonunda Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Sentyabr ayının 8-də Şirvan şəhərində və Hacıqabul rayonunda Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib. Konfranslarda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, şəhər və rayon ağsaqqalları, ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfranslarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçılarını salamlayan hər iki icra başçısı ağsaqqalların Şirvan və Hacıqabulun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, ağsaqqal məsləhətinin hər bir vətəndaş üçün həmişə dəyərli olduğunu qeyd ediblər. Bildiriblər ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Natiqlər respublika ağsaqqallarının ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəklədiklərini, gənc nəslin maarifləndirilməsi işinə xüsusi diqqət yetirdiklərini, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmədiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ağsaqqallara böyük dəyər verib, onlara diqqət və qayğı ilə yanaşıb.
Sonra Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun və Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanovun təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri dinlənilib. Məruzələrdə şəhər və rayon ağsaqqallarının gördükləri işlərdən, keçirdikləri tədbirlərdən, habelə şəhid ailələri və qazilərlə baş tutan görüşlərdən, gənclərlə aparılan maarifləndirmə fəaliyyətlərindən və qarşılarında duran gələcək vəzifələrdən bəhs edilib.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdıraraq respublika ağsaqqallarına göstərilən diqqət və qayğıdan söhbət açıb. Ölkəmizdə ağsaqqal hərakatının tarixindən, ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, nüfuzlu ağsaqqal kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan öncə hərbi, sonra isə sülh yolu ilə çıxarılmasının əhəmiyyətini qeyd edib. Kütləvi informasiya vasitələrində ölkəmizə qara yaxmağa çalışanlara qarşı ağsaqqalların fəal münasibət bildirmələrinin zəruriliyini vurğulayıb. Hazırda artan boşanmalara, narkomaniyaya və digər neqativ hallara qarşı maarifləndirmə tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsini tövsiyə edib. Ümumilikdə isə təqdim olunan hesabatları qənaətbəxş hesab edərək, gələcək fəaliyyətlərində ağsaqqallara daha böyük uğurlar və yüksək əzmkarlıq diləyib.
Konfranslarda çıxış edən digər natiqlər Şirvan şəhərinin və Hacıqabul rayonunun Ağsaqqallar Şuralarının hesabat dövründə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və maarifləndirilməsi ilə bağlı göstərdikləri fəaliyyətdən, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər güzəşt hüquqlu ailələrlə aparılan işdən, həmçinin ölkə Prezidentinin və şəhər rəhbərliyinin bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Ağsaqqallar Şuralarının fəaliyyətini qənaətbəxş hesab ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.