Təbriklər, Xəbərlər

ƏHLİMAN ƏMİRASLANOV – 77

Noyabr ayının 17-də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun 77 yaşı tamam olur.

Müdrikliyi, istedadı və biliyi, şərəf və ləyaqəti, gərgin əməyi, əzmi və çalışqanlığı ilə bir ömür Vətənə, xalqa, bütün insanlığa xidmət edən dəyərli şəxsiyyət Əhliman Əmiraslanov yüksək mənəviyyata malik böyük alim, dövlətə və dövlətçiliyə, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq nüfuzlu ictimai-siyasi xadimdir. O, yüksək fəaliyyəti, xeyirxah əməlləri, humanizmi, təvazökarlığı, fədakar davranışları ilə xalqımızın böyük sevgi və ehtiramını qazanmışdır. Seçicilərin yüksək etimadı ilə dörd dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmiş Əhliman Əmiraslanov hazırda müstəqil dövlətimizin möhtəşəm Zəfərdən sonrakı quruculuq dövründə öz fəaliyyətini vətəndaşlarımızın gözləntiləri, eləcə də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin tələbləri istiqamətində qurmuşdur. Görkəmli alimin və ictimai-siyasi xadimin Milli Məclisdə Səhiyyə Komitəsinin sədri kimi öz yüksək peşəkar təcrübəsi və əzmkarlığı ilə ölkəmizdə tibbin inkişafı və vətəndaşlara göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qanunların qəbul edilməsində və təkmilləşdirilməsində böyük əməyi vardır. Uzun illər Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində uğurla çalışmış akademik Əhliman Əmiraslanov bu tədris ocağının fəaliyyətini dünya elminin və səhiyyəsinin tələb etdiyi yüksək səviyyəyə çatdırmış, Azərbaycanın tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına nail olmuşdur.
İctimai, siyasi, tibb və digər sahələrdə ölkəmizin inkişafına əvəzedilməz töhfələr verən Əhliman Əmiraslanov yalnız Azərbaycanda deyil, dünyada yüksək nüfuza malik olan görkəmli şəxsiyyətdir. O, alim, ictimai-siyasi xadim, cərrah-onkoloq, tibb elmləri doktoru, professor, akademik, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının «Şöhrət», «Şərəf» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri laureatı, Əməkdar elm xadimi, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin (IV, V, VI və VII çağırış) deputatı, 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, ATU Onkologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavinidir və bu titulları daha da uzadaraq Əhliman müəllim haqqında saatlarla danışmaq olar.
Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə xalqımıza bu gün də böyük xidmətlər göstərir, cəmiyyətimizin sosial-iqtisadi inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsində, proqram və fəaliyyətində nəzərdə tutulan bütün istiqamətlərdə bilik və bacarığını əsirgəmədən yüksək səviyyədə əzmlə çalışır. Onun şərəfli həyat yolu və fədakar əmək fəaliyyəti hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün bir örnəkdir.
Doğma Azərbaycanımızı daim ucaldan görkəmli alim və müdrik ağsaqqal, elm və şəfqət zirvəsi olan Əhliman Əmiraslanovu bu əlamətdar gündə Vətənimizin tərəqqisinə həsr olunmuş şərəfli ömrünün 77-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona Allahdan uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!

Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                             Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.