Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbçidən biri də müddətdən artıq hərbi xidmətdə olan Yevlax rayonunun Gülövşə kəndinin sakini Rəhimov Təbriz Rəhim oğludur.
14 sentyabr 2022-ci ildə şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Yevlax rayonunun Gülövşə kəndinə gətirilib. Vida mərasimində Rayon İcra başçısı Anar Tağıyev, şəhid yaxınları, hüquq mühafizə orqanlarının nümayəndələri, rayonun hərbi komisarlığı, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, Yevlax Şəhər Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov və digər ağsaqqalların iştirak ediblər. Torpaqlarımızın azadlığı və toxunulmazlığı uğrunda şəhid olmuş Təbriz Rəhimov Gülovşə kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə çıxış edənlər Ermənistanın təxribatçı fəaliyyətindən, Azərbaycanın sülhsevər siyasətindən bəhs ediblər, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu mübarizədə xalqımızın birlik və yekdil olacaqlarına dair siyasətini dəstəklədiklərini bildiriblər.
***
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, kiçik gizir 1993-cı il təvəllüdlü Rüstəmov Fərid Nofəl oğlunun nəşi doğulub boya-başa çatdığı Zərdab rayonuna gətirilərək Kəndəbil kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Rayon İcra başçısı Mərdan Camalzadə, Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, YAP-nın Zərdab rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, idarə və təşkilatların rəhbərləri, DSX-nin hərbiçiləri və rayon sakinləri iştirak ediblər.
Səhidimiz dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, şəhid kiçik gizir Fərid Rüstəmovun iki övladı var.
***
Erməni separatçılarının son hərbi təxribatları zamanı Xaçmazın Əbilyataq kəndiındən olan hərbi qulluqçu Elnur Faid oğlu Rüstəmov şəhid olub.
Şəhidin dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, rayonun idarə və təşkilatların rəhbərləri, ağsaqqallar, yerli əhali və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə iştirak edənlər Vətənimizin torpaqlarının müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
***
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı Sabirabad rayonunun sakini Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.
Şəhidin boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ağsaqqallar şurasının üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid İsmayıl Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.