Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, həmçinin Özbəkistan Ali Məhkəməsinin sabiq sədri, Özbəkistan Konstitusiya Məhkəməsinin hakimi Kazımjon Kamilov və digər şəxslər iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə Eldar Quliyev qonaqları salamlayaraq Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən, o cümlədən Şura rəhbərliyinin ötən il Özbəkistana olan işgüzar səfərindən və orada keçirilən səmərəli görüşlərdən söhbət açıb, Türk Dövlətləri Təşkilatına üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan Ağsaqqallar Şuraları arasındakı əməkdaşlıq barədə məlumat verib. Qeyd edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Türk dövlətlərindən, o cümlədən Özbəkistandan da nümayəndələr iştirak ediblər. Natiq, həmçinin, dost və qardaş xalqlar arasındakı münasibətlərin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin dəyərli xidmətlərindən bəhs edib. Söhbət zamanı Eldar Quliyev may ayında Türkiyə Respublikasında keçirilən prezident seçkilərinə də toxunaraq bildirib ki, bütün Türk dünyasının dostu cənab Rəcəb Tayyib Ərdoğan inamlı qələbəsi hamımızı sevindirdi. O, bu yaxınlarda Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərindən də söz açaraq qardaş xalqa bu seçkidə uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov qardaş Özbəkistandan olan qonaqlarla görüşdən məmnun olduğunu bildirərək, ölkələrimiz arasındakı yaxın münasibətlərdən bəhs edib. Əvvəllər səhiyyə sahəsindəki fəaliyyəti ilə bağlı Özbəkistana tez-tez səfərlər etdiyini vurğulayıb. O, həmçinin, Azərbaycandan olan nümayəndə heyəti ilə Türkiyədə prezident seçkilərini müşahidə etdiklərini xatırladarq bildirib ki, Özbəkistanda keçirələcək seçki də Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sabiq sədri, Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalamov qardaş Azərbaycanda, habelə Ağsaqqallar Şurasında onları belə səmimi şəkildə qəbul etdikləri üçün öz minnətdarlığını ifadə edib. Azərbaycanla bağlı öz xoş təəssüratlarını bölüşərək, qardaş ölkənin gündən-günə inkişaf etdiyini, gözəlləşdiyini bildirib. Əmin olduğunu vurğulayıb ki, türkdilli ölkələrin, o cümlədən qardaş Azərbaycan və Özbəkistanın münasibətləri qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcək, göstərilən səylər xalqlarımızın rifahına öz müsbət təsirini göstərəcəkdir.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında əlaqələrin mövcud vəziyyəti, həmçinin bir sıra sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonda xatirə şəkli çəkdirilib.
Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalamov Azərbaycan Ağsaqqallar Şurasında olub
- 03-07-2023
- [17:45]
- [ ]

03
İyl