Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycan Ağsaqqallar Şurasında xalqımızın iradəsinin və qürurunun rəmzi olan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, Akif Rəfiyev, İbrahim Quliyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, rayon sədrləri və başqaları iştirak ediblər.
Tədbirdən öncə Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev 33 il əvvəl baş vermiş hadisələrdən danışaraq faciənin əsas səbəblərindən bəhs edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, faciənin ertəsi günü 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə getməsi və törədilən bu bəşəri cinayəti qətiyyətlə pisləyərək bəyanatla çıxış etməsi xalqımıza dərin bağlılığın və böyük cəsarət hissinin bariz tarixi nümunəsi idi. Natiq əlavə edib ki, Azərbaycanın xilaskarı Heydər Əliyev xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Milli Məclisin sessiyasında 20 Yanvar faciəsi dövlət səviyyəsində müzakirə olunaraq xalqımıza yönələn cinayət aktı kimi hüquqi qiymətləndirilib. Eldar Quliyev öz nitqində Ümummilli lider Heydər Əliyevin vətənimiz naminə apardığı uğurlu siyasətin bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, müzəffər Ali Baş Komandanımızn rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsini qeyd edib. Bu möhtəşəm Qələbə ilə bütün şəhidlərimizin, o cümlədən həm də 20 Yanvar şəhidlərinin qisasının alındığını vurğulayıb.
Daha sonra çıxış edən Əhliman Əmiraslanov, Eldar İbrahimov, Elmira Süleymanova, Ziyad Səmədzadə, Akif Rəfiyev, İbrahim Quliyev, rayon təşkilatlarının sədrləri – şəhid atası Arif Hümbətov, Mayıl Əliyev xalqımızın azadlıq əzmini, həmrəyliyini məhv etməyə çalışan sovet rejiminin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağlasığmayan bir vəhşilik törətdiyini qeyd ediblər. Faciə ilə bağlı öz xatirələrini bölüşərək, cinayət qurbanlarını ehtiramla yad ediblər və onların əziz xatirəsinin hər bir vətəndaşımızın qəlbində daim yaşayacağını bildiriblər. Natiqlər, həmçinin, vurğulayıblar ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər nəticəsində ərazi bütövlüyümüzün təmin olunması göstərdi ki, şəhidlərimizin qanı hədər getməyib və biz onların qəhrəmanlıqlarını hər zaman gənclərimizə aşılamalıyıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.