Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mart ayının 13-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavinləri – millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – professor Vaqif Şadlinski, professor Aqiyə Naxçıvanlı, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, təşkilatın məsul işçiləri Rafiq Rzayev və Elşad Quliyev  iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev mart ayının 12-də 80 yaşı tamam olan Şuranın sədr müavini, müdrik ağsaqqal, nüfuzlu alim Eldar İbrahimovun ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu qeyd edərək, göstərilən bu diqqətə görə İdarə Heyətinin bütün üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib. O da, öz növbəsində, Eldar İbrahimovu 80 illik yubileyi  və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağı münasibətilə səmimi-qəlbdən təbrik edib, uzun ömür, möhkəm cansağlığı, səmərəli ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb. Yubilyarla ötən əsrin 90-cı illərindən başlayan yaxın münasibətlərindən və birgə fəaliyyətlərindən ətraflı bəhs edən natiq qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında hər zaman fəal iştirak edərək ölkəmizin tərəqqisi uğrunda böyük xidmətlər göstərən Eldar İbrahimov Naxçıvan MSSR Ali Sovetinin deputatı olduğu dövrdən Milli Məclisdəki uzunmüddətli fəaliyyətinə qədər hər zaman üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib.  Milli Məclisdə, eləcə də Aqrar siyasət komitəsində birlikdə gördükləri işlərdən,  həyata keçirdikləri layihələrdən söz açaraq bildirib ki, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı və onun ideyalarına daim sadiq olan bir şəxs kimi Eldar İbrahimov bu gün də Ümummilli Liderimizin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyir, Milli Məclisin deputatı və İntizam Komissiyasının sədri kimi ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edir, öz səmərəli ictimai-siyasi fəaliyyəti ilə dövlətimizə, xalqımıza böyük xidmətlər göstərir. Eldar müəllim, həmçinin, qeyd edib ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq öz ağsaqqallıq missiyasını da uğurla həyata keçirən Eldar İbrahimov Şuranın işində fəal iştirak edir. Xüsusən gənc nəslin azərbaycançılıq və vətənpərvərlik ruhunda böyüməsinə dəyərli töhfələr verir.

Sonra Eldar müəllim ölkəmizin ölkəmizin ictimai-siyasi və elmi həyatında, Azərbaycan Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə təltif olunan Eldar İbrahimova “Fəxri Ağsaqqal” döş nişanını və  hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş arzularını bölüşüblər. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovu 80 illik yubileyi, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona daim sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək işlərinə yeni-yeni nailiyyətlər diləyiblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov  xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirərək, fəaliyyətini dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, ona göstərilən bu diqqəti yüksək qiymətləndirib. Eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə öz təşəkkürünü ifadə edərək bundan sonra da fəaliyyət göstərdiyi hər bir sahədə Vətənimizin daha da çiçəklənməsi naminə var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.