Oktyabrın 3-də Nəsimi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professorVaqif Şadlinski, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov,həmçinin rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Konfransdan öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dərin hörmət və ehtiramlarını bildiriblər.
Yığıncaqda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vaqif Şadlinski tədbir iştirakçılarını salamlayıb və təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. O, Nəsimi Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlər haqqında ətraflı məlumat verərək, keçirilən görüş və tədbirlərdən, xüsusilə də gənclərlə aparılan maarifləndirici söhbətlərdən bəhs edib.Həmçinin rayonda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını,onlara maddi və mənəvi dəstək göstərilməsində və digər nəcib işlərdə ağsaqqalların da yaxından iştirak etdiklərini vurğulayıb. Gələcəkdə də təşkilatın uğurlu fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.
Hesabat məruzəsi ətrafında təşkilatın üzvləri Qoşqar Əliyev, İmamverdi Həmidov və digər natiqlər çıxış edərək qurumunfəaliyyətini qənaətbəxş hesab ediblər.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev çıxış edərəkŞuranın fəaliyyətindən, həyata keçirilən əhəmiyyətli işlərdən, həmçinin beynəlxalq əlaqələr möhkəmləndirilməsindən,Şuranın rəhbərliyinin Türkiyəyə və Türkmənistana işgüzar səfərlərindən bəhs edib, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və hərbi istedadı, həmçinin rəşadətli Ordumuzun qüdrəti ilə 44 gün ərzində tarixi torpaqlarımızın erməni işğalçılarından azad edilməsinin əhəmiyyətini qeyd edib.Bildirib ki, artıq həmin bölgələrin ağsaqqallar şuraları yenidən formalaşdırılaraq bərpa edilir. Bu yaxınlarda Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransının keçirilməsi, yeni sədrin və heyətin seçilməsi buna nümunə ola bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən danışan natiq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması ilə əlaqədər verilmiş bu qərarın cəmiyyətin bütün üzvləri kimi ağsaqqallar tərəfindən də hədsiz sevinclə qarşılandığını bildirib. Vurğulayıb ki, Şuranın bütün şəhər və rayon təşkilatlarında bu münasibətlə ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsindəki rolunun, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi işi daha böyük vüsətlə həyata keçiriləcəkdir.Eldar Quliyev ölkəmizdəki inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb və Nəsimi rayonunun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların rayonun ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə, həmçinin şəhidlərin ailələrinə və qazilərəgöstərilən dövlət qayğısından danışıb, Nəsimi rayonunda da bu işə hər zaman yüksək həssaslıqla yanaşıldığını, onlara daim diqqət və qayğı göstərildiyini qeyd edib. Natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmaları təşkil edir. O, rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş dəyərləndirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra bəzi təşkilati məsələlər müzakirə edilib və Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib.