Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən ümumrespublika Zəfər Forumu davam edir. Biləsuvar rayonundan başlayan Zəfər Forumu növbəti dəfə oktyabrın 25-də Qusar rayonunda təşkil olunub.
Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident Administrasiyasınınməsul əməkdaşı Əli Pənahov,Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, həmçinin Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Xızı Rayon Ağsaqqallar Şurasının sədri Arif Nağıyev, Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov və digər ağsaqqallar, o cümlədənşəhid ailələri, mübaribə iştirakçıları və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, müharibə və Silahlı Qüvvələr veteranı, polkovnik Abdulla Qurbaninin aparıcılıq etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Forum iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərilən fədakarlıq və igidliklərdən söhbət açıb. Növbəti Zəfər Forumunun Qusarda keçirilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev öz çıxışında 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib.
Daha sonra Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ağsaqqallar və digər natiqlər çıxış edərək hər bir sahədə Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə daim hazır olduqlarını bəyan ediblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Sonra Forum açıq havada konsert proqramı ilə davam edib. Tədbir iştirakçıları Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hərbi marşını və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.
Növbəti forumlar Ağdam, İsmayıllı, Sabirabad rayonlarında və Bakıda keçiriləcək.