Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şəkidə hesabat konfransında iştirak edib

Avqust ayının 8-də Şəkidə Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar, sonra mərkəzdə Ulu Öndərə həsr edilmiş ekspozisiya ilə tanış olublar.
Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şəki Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların, o cümlədən Şəki rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Ümummilli Lider Heydər Əliyevin hər zaman ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq bildirib ki, dahi liderin hakimiyyətə qayıdışından sonra respublikamızın ictimai-siyasi və mədəni həyatında ağsaqqalların rolu daha da artıb və onların cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Həsən Həsənov nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.
Sonra Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Məruzədə Rayon Ağsaqqqallar Şurasının gördüyü işlərdən, keçirilən və ağsaqqalların iştirak etdikləri tədbirlərdən ətrafli bəhs edilib. Natiq vurğulayıb ki, təşkilatın üzvləri Rayon Ağsaqqallar Şurasının Əsasnaməsinə və İş planına uyğun olaraq rayonda keçirilən ictimai-siyasi və mədəni tədbirlərdə, gənclərlə keçirilən görüşlərdə, konfranslarda geniş söhbətlər aparır, çıxışlar edir, aktual məsələlərin həllində yaxından iştirak edirlər. Öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetiməyə çalışan ağsaqqallar, xüsusilə, sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov gələcəkdə də fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklərini bildirib.
Tədbirdə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri – Ruhəngiz Abdullayeva və Bəşarət Yusifov bildirib ki, Azərbaycanın hər bir bölgəsində aktiv fəaliyyət göstərən ağsaqqallar Şəki rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. Xüsusilə gənclərin maarifləndirilməsinə xüsusi diqqət ayıran ağsaqqallar onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır, öz bilik və təcrübələrini gənc nəslə öyrədirlər. Hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirən natiqlər əmin olduqlarını bildiriblər ki, qarşıdan gələn dövr ərzində yerli təşkilat öz fəaliyyətini daha səmərəli və effektiv şəkildə quracaqdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, Vətənimizin dilbər guşəsi olan Şəkidə ağsaqqallarla, yerli sakinlərlə görüşməyindən məmnun olduğunu qeyd edərək xoş təəssüratlarını bölüşüb. Bildirib ki, füsunkar təbiətə malik olan Şəkinin insanları da çox gözəldir. Sonra öz çıxışında ağsaqqallıq institutunun tarixindən söz açan natiq ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ağsaqqalların Azərbaycanda və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Süni intellekt əsrində yaşadığımızı nəzərə alaraq müasir dövrlə ayaqlaşmalı olduğumuzu qeyd edən Bayram Yusifov bildirib ki, bununla yanaşı hər birimiz, əsasən də ağsaqqallarımız milli-mənəvi dəyərlərimizi yaşatmalı və gələcək nəslə ötürməlidirlər. Gənclərimizi yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, onların dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində yaxından iştirak etməliyik. Hər zaman olduğu kimi bu gün də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik ki, möhtəşəm Zəfərdən sonra bizi sevməyən qüvvələr qələbəmizə kölgə sala bilməsinlər. Ermənilər cəsarət tapıb bir daha Azərbaycana qarşı çıxa bilməsinlər. Natiq Vətənimizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqalları qarşıdan gələn parlament seçkilərində də aktiv olmağa çağırıb. Bildirib ki, əhalinin, o cümlədən gənclərimizin seçkilərdə fəal iştirak etmələri və layiqli namizədlərə səs vermələri üçün ağsaqqallar görüşlər, tədbirlər keçirməli, maarifləndirici söhbətlər aparmalı, bu istiqamətdə öz bilik və təcrübələrini əsirgəməməlidirlər. Bayram Yusifov Şəki Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Konfransı sonunda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.