Xəbərlər

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və Milli Ordumuzun yaradılmasının 105 illiyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının təbriki

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və Milli Ordumuzun yaradılmasının 105 illiyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  qəhrəman əsgər və zabitlərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayır, vətənpərvər hərbçilərimizin hər birinə yüksək mübarizə əzmi və doğma Azərbaycanımızın xoşbəxt gələcəyi naminə şərəfli xidmətlərində nailiyyətlər diləyirik!

Vətənimizin  müdafiəsini və təhlükəsizliyini uğurla həyata keçirən, hazırda dünyanın  güclü orduları arasında özünə yüksək yer tutan rəşadətli Ordumuz Azərbaycanla yanaşı, bütün regionda sülhün və sabitliyin təminatçısıdır. 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra yaradılan  Milli Ordumuz çətin və şərəfli yol keçmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, hərbi quruculuq sahəsində də böyük işlər həyata keçirərək güclü Ordu yaratdı. Ulu Öndərin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev Silahlı Qüvvələrimizi daha da qüdrətli edərək  NATO standartları səviyyəsinə çatdırdı ki, buna da ən gözəl nümunə yüksək döyüş qabiliyyətinə malik Milli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə oldu. Bu gün də şanlı Azərbaycan Ordusu Vətənimiz qarşısındakı xidmətlərini böyük ruh yüksəkliyi ilə yerinə yetirir.

Hər zaman olduğu kimi, bu əlamətdar bayram günündə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan qəhrəman övladlarımızın  unudulmaz və əziz xatirələrini dərin ehtiramla yad edirik. Şəhid ailələrininin üzvlərinə və Vətənimizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirən qazilərimizə, veteranlarımıza 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə ən xoş arzularımızı bildiririk.

Bu böyük bayram münasibətilə bir daha havada, suda, quruda Vətənimizin keşiyində duran əzmkar Silahlı Qüvvələrimizi səmimi-qəlbdən təbrik edir və Ata vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızı işğaldan azad edən, düşmənə qan udduran, “Dəmir yumruğu” dövlət-xalq-ordu birliyinin rəmzinə çevrilən  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi fikrini qürurla təkrarlayırıq:

“Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var!”

Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                                                               Eldar Quliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.