Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda iştirak edib

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk dəfə Bakıda keçirilən həmrəylik forumunda iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

Forumun açılış mərasimində türk dövlətləri arasında mövcud tarixi bağlılığı, ortaq dəyərləri, sıx əməkdaşlıq münasibətlərini və bu əlaqələrin inkişaf yolunu, perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.

Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub. Məktubda deyilir:

“Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2025-ci il

Daha sonra açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının uğurudur və bu Qələbə ortaq birliyin və həmrəyliyin təntənəsidir. O, səkkiz ölkədən 500-ə yaxın nümayəndənin Bakıda qəbul edilməsindən məmnunluq ifadə edərək forumun yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və ortaq layihələrin sistemli icrasına töhfə verəcəyini vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik isə qeyd edib ki, qurumun əsas vizyonu ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. O bildirib ki, Bakı ofisi bu istiqamətdə 2 minə yaxın layihə həyata keçirərək Türk dünyasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Açılış nitqlərindən sonra “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan iki panel müzakirəsi keçirilib.

Müzakirələr zamanı çıxışçılar Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətindən, bu marşrutun regiondaxili inteqrasiyanı gücləndirən mühüm nəqliyyat və əməkdaşlıq xətti kimi rolundan danışıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə verdiyi töhfələri vurğulayıblar. Qeyd olunub ki, QHT-lər arasında əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin artırılması türk coğrafiyasında davamlı inkişaf və ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin tədbirdə Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin regionda vətəndaş cəmiyyətinin inkişafına, sosial layihələrin daha effektiv icrasına və ictimai təşəbbüslərin koordinasiyasına mühüm töhfə verəcəyi bildirilib. Vurğulanıb ki, gənclərin fəallığının artırılması, sosial innovasiyaların təşviqi, icmaların inkişafı və könüllülük fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında yer almalıdır.

Tədbir bədii-mədəni proqramla yekunlaşıb.

Forum işini noyabrın 25-də Naxçıvanda davam etdirib. Orada ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis ediblər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Forumun qərarına əsasən Platformanın Baş katibi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov seçilib.

Qeyd edək ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.