Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili, professor Eldar Quliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, millət vəkili, akademik Ziyad Səmədzadə, professor Vaqif Şadlinski, eləcə də Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Kooperasiya Universitetinin fəxri professoru Şamil Ayrım, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru Məsud Əfəndiyev, həmçinin millət vəkilləri – Tənzilə Rüstəmxanlı və Ülviyyə Ağayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və digər təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsinin yad olunması ilə açıq elan olunub.
Konfransda Eldar Quliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Azərbaycan Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileyləri münasibətilə təhsil müəssisələrinin kollektivlərini, tələbə və məzunlarını təbrik edib. Sonra natiq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, eləcə də elm və təhsilə ayırdıqları yüksək diqqət və qayğıdan ətraflı bəhs edib. Həmçinin Azərbaycan Kooperasiya Universitetinin və onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin elmin, təhsilin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətdən, görülən işlərdən hərtərəfli söz açıb.
Tədbirdə çıxış edən digər natiqlər də hər iki təhsil ocağının milli kadr hazırlığında, elm və təhsilin inkişafında, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, ana dilimizin qorunub saxlanılmasında, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynadığı vurğulayıblar. Bu müqəddəs missiyanı gələcəkdə də uğurla davam etdirəcəklərinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən Azərbaycan Kooperasiya Universitetinin 60 illik, Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileyləri münasibətilə təhsildə və əməkdə səmərəli fəaliyyətlərinə görə hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub. Həmçinin konfransda Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Kooperasiya Universitetinin fəxri professoru adına layiq görülüb.
Konfrans fasilədən sonra 4 bölmə üzrə öz işini davam etdirib.











