Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Ədliyyə general-mayoru Akif Rəfiyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mart ayının 18-də Azərbaycan Ağsaqqallar Şurasında təşkilatın İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru, müharibə və əmək veteranı Akif Rəfiyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professorlar Misir Mərdanov, Vaqif Şadlinski, Aqiyə Naxçıvanlı və İbrahim Quliyev, eləcə Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov, təşkilatın məsul işçiləri Rafiq Rzayev, Elşad Quliyev və Vüqar Əmiraslanov iştirak ediblər.

İclası giriş nitqi ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev tədbir iştirakçılarını qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edərək, hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb. Sonra 18 mart tarixinin Türk dünyasında əlamətdar bir tarix olduğunu, qardaş Türkiyədə hər il bu günün “Çanaqqala Zəfəri və Şəhidlər Günü” kimi qeyd edildiyini vurğulayıb və qəhrəman şəhidlərin əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Vurğulayıb ki, türk qardaşları ilə yanaşı azərbaycanlıların da vuruşduğu Çanaqqala döyüşlərində əsgərlərin fədakarlığı və böyük hərbi rəşadəti Türk tarixinin ən şərəfli səhifələrinə qızıl hərflərlə yazılıb. Sonra Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti, görülən işlər barəsində də danışıb. Vurğulayıb ki, Şuranın hazırda fotolarla kataloq şəklində hazırlanan 2025-ci ildəki fəaliyyətinə dair hesabatı yekunlaşmaq üzrədir.

İclasda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Ümumi Yığıncağının vaxtı da İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunub və ilkin olaraq belə qərara gəlinib ki, tədbir aprel ayının ikinci yarısında keçirilsin.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev iclasın gündəliyində olan əsas məsələ ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, hamımızın sevimlisi, müdrik ağsaqqalımız, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru, müharibə və əmək veteranı Akif Rəfiyevin 90 yaşı tamam olmaq üzrədir. O, qarşıdan gələn bu əlamətdar 90 illik yubiley münasibətilə Akif müəllimi ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, səmərəli ictimai-mədəni fəaliyyətində uğurlar arzulayıb. Yubilyarın uzun illər ərzində Azərbaycan Respublikasının hüquq-mühafizə və ədliyyə orqanlarında məsul vəzifələrdə çalışaraq ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, hüququn aliliyinin təmin olunması, ictimai-siyasi sabitliyin qorunması, eləcə də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində göstərdiyi səmərəli fəaliyyətdən ətraflı bəhs edib. Hazırda isə Akif Rəfiyevin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq Şuranın fəaliyyətinin genişlənməsi, ağsaqqallıq ənənələrinin qorunub saxlanılması, milli-mənəvi dəyərlərimizin təbliği və cəmiyyətimizdə ağsaqqal nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində böyük əmək sərf etdiyini vurğulayıb. Həmçinin əlavə edib ki, 90 yaşlı müdrik ağsaqqalın sədrliyi ilə Binəqədi rayonunda ağsaqqalların ictimai həyatda fəallığının artırılması, gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik ideyaları əsasında tərbiyə olunması, ailə dəyərlərinin möhkəmləndirilməsi və cəmiyyətimizdə həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Biz çox şadıq ki, sıralarımızda Akif Rəfiyev kimi dəyərli ağsaqqal, vətənpərvər ziyalı və alicənab insan var.

Sonra Eldar müəllim ölkəmizin ədliyyə və hüquq sahəsində, ictimai-mədəni həyatında, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində dəyərli xidmətlərinə görə və 90 illik yubileyi münasibətilə təltif olunan Akif Rəfiyevə “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

İclasda çıxış edən digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş arzularını bölüşüblər. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, Ədliyyə general-mayoru, müharibə və əmək veteranı Akif Rəfiyevi 90 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona daim sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək işlərinə yeni-yeni nailiyyətlər diləyiblər.

Akif Rəfiyev xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirərək, fəaliyyətini dəyərləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə dərin minnətdarlığını bildirib, ona göstərilən diqqəti yüksək qiymətləndirib. Vurğulayıb ki, bundan sonra da fəaliyyət göstərdiyi hər bir sahədə Vətənimizin daha da inkişafı naminə var qüvvəsi ilə çalışacaq.

Sonda xatirə şəkli çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.