Aprelin 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunmuş “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda elmi sesssiya keçirilib.
AMEA-nın İctimai Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yubilyarla yanaşı, AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şuranın sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Aparat rəhbəri Ramin Həsənli, akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və başqaları iştirak ediblər.
Əvvəlcə iştirakçılar AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, akademik İsa Həbibbəyli iqtisadçı-alim Qorxmaz İmanovun şərəfli və məhsuldar ömür yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, o, hələ Sovet hakimiyyəti dövründə yeni təfəkkürə malik iqtisadçı alim kimi formalaşaraq elmi ictimaiyyət tərəfindən tanınıb. Akademik İsa Həbibbəyli Qorxmaz İmanovun iqtisadi proqnozlaşdırma modelləri kimi mühüm və mürəkkəb elmi istiqamətlər üzrə apardığı tədqiqatların onun 50 illik elmi fəaliyyətinin əsas xəttini təşkil etdiyini diqqətə çatdırıb. Alimin elmi fəaliyyətinin ETN İqtisadiyyat İnstitutu və İdarəetmə Sistemləri İnstitutu (Riyaziyyat İnstitutu) ilə sıx bağlı olduğunu söyləyən AMEA prezidenti onun rəhbərlik etdiyi laboratoriyanın bu sahənin inkişafında və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında mühüm rola malik olduğunu vurğulayıb. O, yubilyarın elmi-təşkilatçılıq fəaliyyətindən də bəhs edərək alimin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə fəal iştirak etdiyini, dəyərli məruzələrlə çıxış etdiyini, eyni zamanda rəhbərliyi ilə 31 fəlsəfə doktoru və 3 elmlər doktorunun yetişdirildiyini bildirib. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Qorxmaz İmanova Azərbaycan akademik elminin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib, yeni elmi yaradıcılıq uğurları arzulayıb.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, “İqtisad elminin görkəmli nümayəndəsi AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun elmi fəaliyyəti haqqında” adlı məruzə ilə çıxış edib. O, alimin həyat və fəaliyyətindən, iqtisad elminin inkişafında, iqtisadçı elmi kadrların hazırlanmasında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, iqtisadiyyatın riyazi və instrumental üsulları sahəsində dünya elminə mühüm töhfələr vermiş Qorxmaz İmanov ömrünü iqtisadiyyat elminin tədqiqinə həsr edib, bu sahədə böyük məktəb yaradıb.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi elm siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayaraq dövlət başçısının daim elmə, təhsilə, mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun keçdiyi şərəfli həyat yolundan, Azərbaycanın iqtisadiyyat elminin inkişafındakı dəyərli xidmətlərindən söz açıb. Qeyd edib ki, Qorxmaz İmanov yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik alicənab bir insan, dəyərli bir ağsaqqal kimi də xalq arasında böyük hörmət qazanmışdır. Onun müdrikliyi, insanlara qayğıkeş münasibəti, milli-mənəvi dəyərlərə bağlılığı, gənc nəslə örnək olan həyat prinsipləri cəmiyyətimiz üçün əsl nümunədir. Daha sonra Eldar Quliyev Azərbaycanda elmin inkişafına verdiyi töhfələrə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdiyi xidmətlərə görə və 85 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayaraq döş nişanını və hədiyyələri görkəmli alimə təqdim edib. Onu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yubiley tədbirində “Həyat keyfiyyətinin idarə olunmasının süni intellekt texnologiyaları” mövzusunda elmi məruzəsini təqdim edən AMEA-nın müxbir üzvü Qorxmaz İmanov ona göstərilən yüksək diqqətə və səmimi arzulara görə çox məmnun olduğunu bildirib və bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını ifadə edib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı və UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli alimi yubileyi münasibətilə təbrik edib, onun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Qorxmaz İmanov respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.
AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub
- 18-04-2026
- [18:52]
- []
18
Apr










