Bu gün Azərbaycan xalqı görkəmli alim, şəfqətli həkim, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı, nəcib və xeyirxah insan, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünü dərin ehtiram və minnətdarlıq hissi ilə yad edir. Onun mənalı və şərəfli ömür yolu, zəngin elmi fəaliyyəti, insanlara bəxş etdiyi şəfa və nur, milli-mənəvi dəyərlərə bağlılığı hər zaman xalqımız üçün örnək olmuşdur.
Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr vermiş Zərifə xanım Əliyeva oftalmologiya sahəsində əldə etdiyi mühüm elmi nailiyyətlərlə yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük nüfuz qazanmışdır. Onun apardığı fundamental elmi tədqiqatlar, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində gördüyü işlər bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Zərifə xanımın elmi irsi bu gün də aktuallığını qoruyur, gənc alimlər üçün dəyərli istiqamətverici mənbə kimi xidmət edir. Onun həkimlik fəaliyyəti isə yalnız peşəkarlıqla məhdudlaşmırdı. Zərifə xanım hər bir xəstəyə xüsusi qayğı və həssaslıqla yanaşan, insanlara təkcə tibbi yardım deyil, eyni zamanda mənəvi dayaq olan nadir şəxsiyyətlərdən idi. O, öz yüksək humanizmi, mərhəməti və insanpərvərliyi ilə minlərlə insanın qəlbində silinməz iz qoymuşdur.
Zərifə xanım Əliyevanın həyatının ən önəmli və şərəfli səhifələrindən biri də onun Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olması idi. O, böyük dövlət xadiminin həyatında etibarlı dayaq, sədaqətli dost və sirdaş kimi əvəzsiz rol oynamışdır. Ulu Öndərin gərgin və məsuliyyətli fəaliyyətində Zərifə xanımın mənəvi dəstəyi, qayğısı və anlayışı xüsusi əhəmiyyət kəsb etmişdir. Bu möhkəm ailə birliyi, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş münasibətlər Azərbaycan ailə modelinin ən gözəl nümunələrindən biri kimi yadda qalmışdır.
Zərifə xanım Əliyeva, eyni zamanda, Türk dünyasının böyük şəxsiyyəti, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi liderin formalaşmasında misilsiz rol oynamışdır. Onun verdiyi yüksək tərbiyə, aşıladığı milli-mənəvi dəyərlər, zəhmətkeşlik, Vətənə bağlılıq və xalqa xidmət ideyaları bu gün cənab Prezidentin fəaliyyətində öz parlaq təcəssümünü tapır.
Zərifə xanımın həyat yolu yalnız elmi və ictimai fəaliyyətlə məhdudlaşmır, o, həm də yüksək mənəviyyatın, əxlaqın, sadəliyin və zərifliyin simvolu idi. Onun daxili aləmi, insanlara münasibəti, davranış mədəniyyəti hər bir Azərbaycan qadını üçün örnəkdir. Bu gün xüsusilə gənc xanımlar Zərifə Əliyevanın həyatına nəzər salaraq özlərinə düzgün yol seçə, yüksək məqsədlər uğrunda çalışmaq əzmi qazana bilərlər. Müasir dövrdə Azərbaycan cəmiyyətinin mənəvi sütunlarının möhkəmləndirilməsi, gənc nəslin sağlam ruhda yetişdirilməsi baxımından Zərifə xanım Əliyevanın irsi əvəzsiz əhəmiyyət kəsb edir. Onun həyatı bizə göstərir ki, elmə bağlılıq, zəhmətkeşlik, insanlara sevgi və Vətənə sədaqət insanı zirvələrə aparan ən doğru yoldur.
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri, bütövlükdə ictimaiyyətimiz Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edir, onun zəngin irsinin yaşadılmasını özləri üçün mənəvi borc hesab edirlər. Bu zərif şəxsiyyətin həyat yolu və fəaliyyəti gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq, milli dəyərlərimizin qorunmasına və inkişafına xidmət edəcəkdir. Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onun nurlu ömrü, xeyirxah əməlləri və yüksək insani keyfiyyətləri hər zaman hörmət və ehtiramla anılacaqdır.
Eldar Quliyev
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı, professor