Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyətinin iclası keçirilib

2026-cı il aprel ayının 29-da Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyətinin iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın 23 aprel tarixində keçirilən IX Qurultayı barədə fikirlərini bölüşüb. Bildirib ki, Qurultay iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ünvanlanmış müraciət dövlət başçısının Azərbaycan Ağsaqqallar Şurasına, eləcə də bütün ağsaqqallara göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Natiq Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri adından da möhtərəm Prezidentimizə müraciətin ünvanlandığını qeyd edərək bildirib ki, biz ağsaqqallar hər zaman olduğu kimi, bundan sonra da ölkə başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək respublikamızın inkişafı naminə öz fəaliyyətimizi əzmkarlıqla davam etdirəcəyik. Sonra Eldar Quliyev Qurultayda baxılan təşkilati məsələlərdən – səsvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunmasından, sədr olaraq yenidən ona göstərilən etimaddan, eləcə də ölkəmizin tanınmış ictimai-siyasi xadimlərindən, ziyalılarından və ağsaqqallarından üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibinin formalaşdırılmasından bəhs edib. Eyni zamanda, Qurultay nümayəndələri tərəfindən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma məlumat məktubunun göndərildiyini qeyd edib. Daha sonra natiq İdarə Heyətinin üzvləri arasından sədr müavinlərini təyin etməsi barədə əmr imzaladığını vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümumiyyətlə, ötən dövr ərzində sədr müavinlərinin həyata keçirdiyi işləri yüksək dəyərləndirərək, onların nəzarəti və dəstəyi ilə bölgələrdə yerli təşkilatların faəliyyətini müsbət qiymətləndirib. Bunun parlaq göstəricisi olaraq Azərbaycan Ağsaqqallar Şurasının 2025-ci il üzrə fəaliyyətinə dair hazırlanmış hesabat-kataloqu qeyd edib. Vurğulayıb ki, 107 səhifədən ibarət hesabat-kataloq ötən ildə görülən işlərin yığcam icmalıdır. Eldar Quliyev Şuranın Aparatının da fəaliyyətini yüksək dəyərləndirib və Aparat rəhbəri Ramin Həsənlinin başçılığı ilə əməkdaşların öz fəaliyyətlərini bundan sonra da uğurla həyata keçirəcəklərinə əmin olduğunu bildirib.

İclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və digər müavinlər onlara göstərdiyi böyük etimada görə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevə öz minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, Eldar Quliyevin rəhbərliyi ilə öz fəaliyyətlərini bundan sonra da yüksək səviyyədə davam etdirəcəklər.

İclasda, həmçinin, yeni İdarə Heyətinin üzvlərinin iştirakı ilə növbəti həftə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin keçirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.