Xəbərlər

Qaradağ Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

30 aprel 2026-cı il tarixdə Qaradağ Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.

Tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvləri – təşkilatın sədri Ramin Məmmədov, sədr müavini Namizəd Məmmədov, şəhid atası Sabir Xəlilov, Birinci Qarabağ müharibəsi veteranı Yasin Nuriyev, 86 yaşlı ağsaqqal Əbdüləli Xaliq, şair Sadiq Məsiyev, Sahil qəsəbə Ağsaqqallar Şurasının sədri, Birinci Qarabağ müharibəsi veteranı Mehbalı Novruzov və başqaları iştirak ediblər.

İclasda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarının salamlayan Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov “Böyük Zəfər 2016-cı il Aprel döyüşlərindən başladı” adlı gündəlik məsələ ətrafında giriş nitqi ilə çıxış edərək bildirib ki, 2016-cı il Aprel döyüşləri Qarabağımızı erməni-faşist qəsbkarlarının tapdağından azad etmək uğrunda uzun illər boyu xalqımızın apardığı mübarizənin ən şanlı hərbi əməliyyatlarından biri olmuşdur. 2016-cı il aprel ayının 1-də başlayıb 5-nə kimi davam edən bu döyüşlər nəticəsində düşmən tərəfinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmiş, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi təcavüzkar erməni işğalından azad olunmuşdur. Eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edilmişdir. Bununla da məkrli düşmən qəhrəman Ordumuzun gücünü görmüş, gələcək Zəfərimizin əsası qoyulmuşdur.

Ramin Məmmədov öz çıxışında münaqişənin ermənilər tərəfindən başlandığı vaxtdan sonrakı bəzi tarixi faktları da iclas iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. Münaqişə nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3889 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 871 nəfərin sonrakı taleyi məlum deyil. Həmçinin 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyekti dağıdılıb. Sonra natiq Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində rəşadətli Azərbaycan Milli Ordusu tərəfindən Ermənistan silahlı birləşmələrinin darmadağın edilməsindən, torpaqlarımızın işğaldan azad olunmasından, qazandığımız şanlı Zəfərimizdən ətraflı bəhs edib. Vurğulayıb ki, müharibə dövründə olduğu kimi, bu gün də xalqımız, eləcə də ağsaqqallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər.

Tədbirdə çıxış edən digər natiqlər – Namizəd Məmmədov, Əbdüləli Xaliq, Sadiq Məsiyev, Mehbalı Novruzov və başqaları yekdilliklə bildiriblər ki, biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevi bundan sonra da yüksək səviyyədə dəstələyərək, onun uğurlu daxili və xarici siyasətini geniş təbliğ etməli, eləcə də şəhidlərimizin xatirəsini daim əziz tutmalı, onların valideynlərindən, ailə üzvlərindən qayğı və diqqətimizi əsirgəməməli və erməni faşistlərinin xalqımıza qarşı törətdiyi qətliam, soyqırım cinayətlərini, o cümlədən şəhər və kəndlərimizin xarabalığa çevirdiklərini, saysız abidələrimizin, məktəblərimizin, uşaq bağçalarının, muzeylərimizin, tarixi abidələrimizin amansız düşmən tərəfindən məhv edildiyini heç zaman unutmamalı və gənc nəslə təbliğ etməliyik. Bu cür vəhşiliklərin təkrarlanmaması üçün daim ayıq-sayıq olmalı, Azərbaycanın daha da qüdrətli olması üçün əlimizdən gələni əsirgəməməliyik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.