İclasda Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov məlumat verərək bildirib ki, Qurultayda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın son 5 ildə gördüyü işlər barədə ətraflı çıxış edib, ölkə həyatının bütün sahələrinə ağsaqqalların verdikləri töhfələri diqqətə çatdırıb. Şura sədri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, tarixi irsinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin əhali arasında təbliğinin ümdə vəzifə kimi hər zaman diqqətdə olduğunu vurğulayıb. Məzahir Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciəti, eləcə də dövlət başçısına Qurultay nümayəndələrinin müraciətini səsləndirib.
Sonra İdarə Heyətinin üzvləri Qurultayın qərarlarında, möhtərəm Prezidentimizin müraciətində qarşıya qoyulan vəzifələrə uyğun olaraq Rayon Ağsaqqallar Şurasının öz fəaliyyətini daha da gücləndirməsi üçün görüləcək işləri müzakirə ediblər. Bildiriblər ki, Qurultay iştirakçılarının ölkə başçısına ünvanladığı müraciətdə yer alan məsələlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi işinə rayon təşkilatı olaraq biz də lazımi töhfələri verməliyik və verəcəyik. İclasda, həmçinin, Qurultay materiallarının Rayon Ağsaqqallar Şurasının bütün üzvlərinə çatdırılması üçün yerlərdə yığıncaqların keçirilməsi qərara alınıb.



