Xəbərlər

Zərdab Rayon Ağsaqqallar Şurası Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirib

May ayının 7-də Zərdab Rayon Ağsaqqallar Şurası tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbirdə rayonun ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra rayonun Heydər Əliyev Mərkəzində olublar. Burada onlara Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verilərək bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycanın inkişafının möhkəm təməli qoyulub, ölkəmizin müstəqilliyi və dövlətçilik ənənələri daha da gücləndirilib.

Daha sonra keçirilən tədbirdə çıxış edən Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov bildirib ki, müasir və qüdrətli Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Bu gün respublikamızın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı haqqında da ətraflı məlumat verib. O qeyd edib ki, Qurultayda ölkəmizdə ağsaqqallıq institutunun inkişafı, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyət həyatında ağsaqqalların rolunun artırılması ilə bağlı mühüm məsələlər müzakirə olunub. Rasim Hüseynov çıxışında Qurultayda səsləndirilən tapşırıq və tövsiyələrin əhəmiyyətindən də danışıb. Bildirib ki, ağsaqqallar hər zaman cəmiyyətdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərin təbliğində fəal rol oynamalı, xüsusilə gənclərin düzgün istiqamətdə formalaşmasına öz töhfələrini verməlidirlər. O, həmçinin, rayon təşkilatının qarşısında duran vəzifələrdən bəhs edərək, gələcəkdə həyata keçiriləcək tədbirlər və maarifləndirici görüşlər barədə fikirlərini səsləndirib.

Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərini minnətdarlıq hissi ilə qeyd edərək, onun siyasi irsinin bu gün də ölkəmizin inkişaf yolunda əsas istiqamətverici amil olduğunu vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.